Prezident smart aptek aparatı ilə tanış olub - Foto

Prezident smart aptek aparatı ilə tanış olub
Oxunma sayı: 3948

Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Bildirilib ki, Ağcabədi “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və 2019-cu ilin noyabr ayında işlər başa çatdırılıb. Kompleksin ümumi sahəsi 7290 kvadratmetrdir.

Prezident İlham Əliyev “ASAN Həyat” kompleksini işə salıb.

“ASAN Həyat” kompleksinə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq.

Ağcabədi “ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci “ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilib. “ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir.

Daha sonra Prezident İlham Əliyevə innovativ yeniliklər barədə məlumat verilib. Qeyd olunub ki, “ASAN İnnoland” pandemiya ilə əlaqədar bir sıra yeniliklərə imza atıb, onlardan biri də istehsalçısı milli startaplar olan süni nəfəs aparatıdır.

Prezident İlham Əliyev: Bu, sınaqdan keçib?

Ülvi Mehdiyev: TƏBİB müayinədən keçirib, müəyyən rəy yazıb, o rəyə uyğun da baxacağıq. Bu isə gündəlik istifadə edilən əşyaların dezinfeksiyası üçündür. Bu, eskalatorlar üçün hazırlanıb, fırlandıqca ultrabənövşəyi şüalarla dezinfeksiya olunur. Bu isə temperaturu müəyyən edir, virusu yandırır, onu içəri keçməyə qoymur. Bu isə üz maskasıdır, bizdə istehsal olunur. DOST mərkəzlərinə paylamışıq, əməkdaşlar xidmət zamanı istifadə edirlər.

Sonra dövlət başçısına smart aptek aparatı barədə məlumat verilib. Bildirilib ki, bu aparat vasitəsilə vətəndaşlar onlara lazım olan dərmanları seçə, dərmanın qiyməti, təyinatı barədə məlumat ala və ödəniş edib preparatı götürə bilər.

Ülvi Mehdiyev: Vətəndaş pulu daxil edir, kağız pul da alır, qəpik də. Seçdiyimiz dərmanı iyirmi saniyə ərzində içəridə tapır və təqdim edir.

Prezident İlham Əliyev: İndiki şəraitdə bunun xüsusi əhəmiyyəti var.

Ülvi Mehdiyev: Sizin tapşırığınızla müəyyən pulsuz dərmanlar verilir. O adamlar həmin dərmanı almaq üçün mütləq tibb müəssisinə getməlidir. Amma bu smart apteklər hər yerdə quraşdırıla bilir.

Qeyd edək ki, yerli istehsal olan smart aptek aparatının küçələrdə, iri ticarət mərkəzlərində, “ASAN xidmət”lərdə qoyulması planlaşdırılıb. 500 dərman növünün olduğu bu aparatın xaricə ixracı nəzərdə tutulub.

Daha sonra dövlət başçısına dezinfeksiya robotu barədə məlumat verildi. Qeyd olunub ki, bu robot vasitəsilə bütün ictimai məkanları dezinfeksiya etmək mümkündür. Xaricdə istehsal olunan bu aparatın yerli istehsalı planlaşdırılır. Bundan əlavə, Prezident İlham Əliyevə rəqəmsal icra hakimiyyəti sistemi barədə də məlumat verilib. Bu sistemin fəaliyyəti sayəsində hər bir icra hakimiyyətində xidmət məkanının yaradılmasına nail olmaq mümkündür. Bunun sayəsində tələb olunan sənədlərin sayı 225-dən 104-ə enəcək.

İnnovativ yeniliklərdən biri də pandemiya şəraitində dövlət orqanlarında vətəndaşları qəbul etmək üçün vahid e-qəbul portalının yaradılmasıdır. Vətəndaş mobil telefon və elektron hökumət portalında yaratdığı kabinetindən istifadə edərək qəbula yazıla bilər.

Ülvi Mehdiyev: Onun üçün qəbul vaxtı müəyyən olunur. Həmin vaxt videoqəbul keçirilir. Hətta biz şikayətləri prioritetləşdirə bilirik. Bütün bunlar vahid sistemdə toplanır, analitik təhlil olunur. Şikayətləri təsnifatlaşdırmaq mümkündür.

Bundan başqa, yeni elektron rəngləmə sistemi də hazırdır. Onun vasitəsilə ağ-qara foto və video materialları rəngləmək mümkündür. Onu da deyək ki, Ağcabədi “ASAN Həyat” kompleksi üçün ayrılmış ərazidə geniş park salınıb, 100 avtomobil üçün dayanacaq yaradılıb.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi