Prezident, xalq və Şuşa zirvəsi...

Prezident, xalq və Şuşa zirvəsi...
Oxunma sayı: 3065

Son günlər Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı möhtəşəm qələbəyə “şərik çıxmaq”, başqalarının bu zəfərdə “payının” olmasına dair məntiqsiz və absurd fikirlərə rast gəlməkdəyik. Birmənalı və qəti olaraq bilmək lazımdır ki, zəfərin müəllifi Azərbaycan xalqıdır, Ali Baş Komandan İlham Əliyevdir.

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

"Qarabağı, Şuşanı Ali Baş Komandan və onun müzəffər ordusu qanı-canı bahasına, dişi-dırnağı ilə erməni faşizmindən azad etdi. Şuşa hansısa din xadiminin fətvası, dərviş Məstəli Şahların “sehirli çubuğu” ilə deyil, peşəkar və güclü ordunun əsgərlərinin hər qarışında tökdüyü qanla qurtarıldı.

Heç kimin Qarabağ mövzusunda nə siyasi, nə dini xaltura etməyə mənəvi haqqı yoxdur. Bu, şəhidlərimizin ruhuna qarşı hörmətsizlikdir, cəsur qazilərimizə qarşı nəzakətsizlikdir.

Vətən savaşına ölkənin siyasi lideri, Ali Baş Komandanı başçılıq edir, orduya əmri Ali Baş Komandan verir və Qələbənin də müjdəsini ölkənin Ali Siyasi Lideri verir. Və Qələbəni Ali Baş Komandan və onun yenilməz müzəfər ordusu qazandı, hansısa dini rütbə sahibinin fətvası deyil.

Qələbəmizin rəmzi Xalq-Prezident-Ordudur, Şuşada cəhalət və xurafat deyil, Haqq-Ədalət Zəfər çaldı.

Qarabağda Zəfərin simvolu Dəmir Yumruqdur.

Azərbaycan dünyəvi dövlətdir, ölkəmizin ana qanunu olan Konstitusiyada da qeyd olunub ki, hər bir millətin, xalqın, dinlərin nümayəndələri eyni hüquq və azadlığa malikdir. Dinindən, dilindən asılı olmayaraq hamımızın bir vətəni var, hamımız üçün müqəddəs bir amal var, o da müstəqil Azərbaycanın ərazi bütövlüyünün daim olması, güclü olması, inkişaf etməsidir. Və bunu vətən savaşında hər bir vətən övladı öz qeyrəti və vicdanı ilə təsdiq etdi.

Qarabağ uğrunda canını fəda edənlərin arasında ruslar, yəhidilər də əsil qəhrəmanlıq nümunəsi göstəriblər. Albert Aqarunov, Denis Əliyev bizim şəhid qəhrəmanlarımızdır. Onlar Qarabağa döyüşə din üçün deyil, Ana Vətən olan Azərbaycanın xilası üçün yollanmışdılar. Onlar üçün Qarabağ namus, qeyrət, millət ünvanı idi, onlar vətən savaşına Azərbaycanın müqəddəs üçrəngli bayrağını öpərək yollanmış və şəhid olduqda da üçrəngli bayrağa bükülərək dəfn edilmişlər.

Qarabağın İslam torpağı olması da hər kəsə bəllidir, bunu dünyanın bütün dövlətləri bilir. Ancaq təəssüf ki, xristian dünyası bir yana, islam ölkələri 30 il ərzində Qarabağda, Şuşada məscidlərdə donuz saxlayan, dini ocaqlarımızı, abidələrimizi təhqir edən erməni faşizminə təpki göstərmədilər, etiraz bəyanatı vermədilər. Axı, müsəlmanların ən mübhəm və müqəddəs ünvanları təhqir edilirdi, niyə buna susqun qalırdılar. Ancaq halbuki islam ölkəsi olmayan İsrail Ermənistanın işğalına, tarixi və dini soyqırım siyasətinə ən çox təpki göstərən ölkə olub, onu hər zaman işğalçı adlandırıb.

Onu da birdəfəlik dərk etmək lazımdır ki, Azərbaycanda din dövlətdən ayrıdır, ölkəmizin inkişaf yolu sivil və demokartik, dünyəvi dövlətin atributlarıdır.

Ali Baş Komandan İlham Əliyevdən ülvi və saf niyyətli, dini inanclı, imanlı, bütün dini təriqət və konvensiyalara dərin ehtiram göstərən, tolerant və multikultural insan yoxdur. Onun dinimizə olan sonsuz ehtiramının kökündə də bir millilik, vicdanlı yanaşma var. Dövlət başçımız dünyəvi bir dövlətin sahibidir və müdrik qərarlarında da bir dünyəvilik vardır. Hər bir uğurun da təminatçısı demokratik qərarlardır, dünyəvi müdrik düşüncədir.

Heç kimin statusu İlham Əliyevin ali statusundan üstün deyil. Cənab İlham Əliyev nəinki bütün Qafqazın regionun lideridir, o həm də dünyanın ən praqmatik, dərin zehin və təfəkkürə malik istedadlı siyasi xadimidir. Ölkənin inkişafını və gələcəyini də məhz bu cür dahi, uzaqgörən siyasi liderlər müəyyən edir".