79 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayev Milli Məclisin ilk iclası, deputat kimi fəaliyyətə başlaması, partiyalararası münasibət haqda təəssüratlarını bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin Parlamentdə çıxışından danışan millət vəkili seçildiyi rayonun problemlərini şəxsən dövlət başçısına çatdıracağını deyib:
“Prezident çox səmimi, qətiyyətli çıxış etdi. İlham Əliyev 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra qətiyyətli addımlar atır, xalqın yanında dayanır, onların eşitmək istədiklərini deyir, ciddi mesajlar verir. Görünür ki, Prezident cəmiyyəti tamamilə dəyişmək istəyir, radikal dəyişikliklərə meyillidir, xalqı narazı salanları cəzalandırmaqda israrlıdır. Dövlət başçısı deyir ki, deputat xalqın yanında olmalıdır, gördüyünü deməlidir, çəkinməməlidir, qorxmamalıdır. Yəni çatışmazlıqları üzə çıxarıb, onu yaradanları tənqid etmək lazımdır. Mən də bunu etmək istəyirəm və edəcəyəm. Deputat seçildiyim rayonda çox ciddi qüsurlar var, yüzlərlə şikayət məktubu almışam, məktublar gəlməkdə davam edir. Seçicilərimlə görüşlər keçirəcəyəm, kömək etməyə çalışacağam, şikayətlərini dövlət strukturlarına çatdıracağam. Onları narahat edən elə məsələlər var ki, bunu paket şəklində Prezident İlham Əliyevin özünə göndərməyi düşünürəm. Bəzi məsələləri mətbuata açıqlamaq olmur. Həm seçildiyim ərazidə, həm də digər yerlərdə sahibkarlara ciddi problemlər yaradırlar. Hələ iş adamlarının hesabına varlanmaq istəyən məmurlar var. Həmin məmurların fəaliyyəti nəticəsində sabah üçün sandığında bir manat olmayan da, sandığında bir milyon manatı olan da narazıdır. Bu məsələlər ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməlidir. Kasıb təbəqənin narazı olması başadüşüləndir, bəs orta təbəqə nə üçün narazıdır? Çünki pulları əllərindən alınır, ən azından buna cəhd edilir”.
“Parlamentdə təmsil olunan digər siyasi partiyalarla fraksiya yaradıla bilərmi?” sualına Nurullayevin cavabı belə olub:
“Həmişə inteqrasiyanın tərəfdarı olmuşam, bu gün də o mövqedəyəm. Parlamentdə təmsil olunan, fikirlərimizin üst-üstə düşdüyü siyasətçilərlə söhbətimiz, yəqin ki, olacaq. Fraksiya formalaşdırılmasını istəyərdik, amma bunun alınıb-alınmamasını söyləmək gələcəyin işidir. Hələlik bu barədə söhbət olmayıb, irəliyə qaçmaq istəmirəm. Biz ana müxalifət olmağa iddialıyıq. Burada söhbət müxalifət olmaqdan da getmir, dövlətin milli maraqlarına xidmətdən gedir. Həmişə xalqın sözünü deyəcəyik, sərt tənqidlərdən belə, çəkinməyəcəyik. Seçkiqabağı təşviqat kampaniyasında seçicilərə nə demişdiksə, həmin vədlərə əməl etməyə çalışacağıq. Narazılıq yaradan, vəzifəsinin öhdəsindən gələ bilməyənləri hədəfə alacağıq. Bu bizim deputatlıq statusumuzdan irəli gəlir. Deyərdim ki, cənab Prezident özü də ana müxalifət mövqeyindən çıxış etməyə başlayıb. Çünki bir çoxlarından daha sərt tənqid edir, düzgün hədəfləyir, xalqın narazı olduğunu dilə gətirir. İndiyə qədər onu informasiya blokadasında saxlayıblar, bir çox məsələləri mətbuatdan öyrənib, bu gün də buna cəhdlər var... Ona görə də xalqın seçdiyi deputat problemləri parlamentin tribunasından səsləndirməlidir, mövqeyini açıqlamalıdır”.
Son xəbərlər
Son Xəbərlər