Prezident yeni məktəb açdı - Fotolar

prezident-yeni-mekteb-acdi-
Oxunma sayı: 2492

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Təhsil naziri Mikayıl Cabbarov prezidentə məlumat verib ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri addımlar atılıb.

Məktəbin ərazisində idman meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlət başçısı tapşırıq və tövsiyələrini verib.