Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

prezident-yeni-sefirleri-qebul-etdi
Oxunma sayı: 2182

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı səfirlə söhbət edib.

Səfir ilk növbədə Syerra-Leone Prezidentinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Syerra-Leonenin dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın yaxın günlərdə Qoşulmama Hərəkatına sədrliyinin başa çatacağını deyən dövlət başçısı Hərəkat çərçivəsində Syerra-Leoneyə üzv ölkə olaraq göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev ölkəmizin Hərəkata sədrliyinin başa çatmasından sonrakı dövrdə də bu təşkilat çərçivəsində Azərbaycan ilə Syerra-Leonenin əməkdaşlıq edəcəyinə ümidvar olduğunu deyib.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında çox maraqlı olduğunu deyən səfir Syerra-Leonenin eboladan əziyyət çəkən zaman Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. Səfir Azərbaycan və Syerra-Leonenin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək dəyərləndirib.

Alie Badara Kamara Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırdığını bildirdi, əlaqələrin genişləndirilməsi məqsədilə yeni istiqamətlərin və yolların müəyyənləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında təmasların artırılmasının vacibliyinə toxunub.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.

Prezident İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiliyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib. Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğuladı ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər. Dövlət başçısı onu da əlavə etdi ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.

Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlət başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev Syerra-Leone Prezidentini bu il Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.

Görüşdə iqtisadiyyat, kənd təsərrüfatı, investisiya, insan kapitalının inkişafı, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, yaxşı idarəçilik sahəsində təcrübə mübadiləsi, bu xüsusda “ASAN xidmət” təcrübəsi qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməyə hazır olduğu bildirilib.

***

Prezident İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev yanvarın 18-də, həmçinin Seneqalın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlət başçısına çatdırdı. Qeyd edib ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Seneqal dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirilib. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib.

Prezident İlham Əliyev BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ali səviyyədə aparılan diplomatik yazışmalar və beynəlxalq, milli günlərdə qarşılıqlı təbriklər yüksək qiymətləndirilib.

Dörd il ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilata sədrliyinin daha bir il uzadılmasına Seneqalın da dəstək verdiyini qeyd edərək buna görə bir daha minnətdarlığını ifadə edib.

Seneqalın səfiri ölkəmizin bu Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.

İkitərəfli əməkdaşlığa toxunan Prezident İlham Əliyev siyasi əlaqələrin daha da inkişaf etdirilməsi və iqtisadi-ticari sahədə imkanların araşdırılmasının zəruriliyini vurğulayıb.

Dövlət başçısı səfirin Azərbaycanda keçirəcəyi rəsmi görüşlərin və onun fəaliyyətinin əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd edildi, siyasi, iqtisadi, ticari, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.

Səfir Seneqalda da neft aşkarlandığını bildirərək ölkəsinin neft hasil edən dövlətlər sırasına qoşulduğunu və bu xüsusda Azərbaycanın təcrübəsinin Seneqal üçün çox maraqlı olduğunu vurğulanıb.

Dövlət başçısı Azərbaycanın neft və enerji sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələrində Seneqaldan olan tələbələrin təhsil almaları imkanlarını da qeyd edib. Ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini deyən Azərbaycan Prezidenti Seneqalın dövlət başçısını bu tədbirə dəvət edib.