Prezident Zəngəzurla bağlı bu faktı ilk dəfə dilə gətirdi

prezident-zengezurla-bagli-bu-fakti-ilk-defe-dile-getirdi
Oxunma sayı: 3074

Prezident İlham Əliyevin yerli jurnalistlərə ölkəmiz və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən mövzularda geniş müsahibələr verməsi artıq ənənə halını alıb.

İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizdən sonra düşmənlə apardığımız siyasi, diplomatik və informasiya mübarizəsi ilə bağlı çox həssas dönəmdə və informasiyanın bütün dünyada dominantlıq etdiyi müasir dövrdə bu çox önəmlidir. Çünki, bir təxribat xarakterli informasiyanın cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu biz otuz ilə yaxın dövrdə təxribatlarına və məkrli siyasətinə tuş gəldiyimiz Ermənistanın düşmənçiliyinin timsalında görməkdəyik. Bu baxımdan da, Prezident İlham Əliyev müntəzəm olaraq cəmiyyətimizi və insanlarımızı ciddi şəkildə maraqlandıran və narahat edən mövzularla bağlı bizi dolğun və düzgün məlumatlarla şəxsən təmin edir.

Növbəti dəfə Azərbaycanın yerli televiziya kanallarına təxminən üç saatlıq geniş müsahibəsini Prezident 12 yanvar tarixində verdi və bu günə qədər baş verən önəmli hadisələrlə yanaşı, ölkəmizin qarşısında duran aktual mövzularla bağlı məqamları da ən xırda detallarına qədər açıqladı. Ölkədəki ictimai, siyasi, sosial və iqtisadi duruma toxunan dövlət başçısı uzun müddətdir ki, aparılan qanunsuzluq, məmur özbaşınalığı və korrupsiya ilə mübarizə prosesinin bu il də davam etdiriləcəyini açıq şəkildə bəyan etdi. Bütün istiqamələrdə kadr islahatlarının davam etdiriləcəyini qeyd edən ölkə rəhbəri, bir çox hallarda gənc kadrların da fəaliyyətlərində özlərini doğrultmadıqlarını vurğuladı. Ölkə daxilində baş verməkdə olan bir sıra digər mühüm proseslərə də toxunan Prezident, beynəlxalq münasibətlərin və xüsusilə də hər bir azərbaycanlını daha çox narahat edən postmünaqişə dövrü ilə bağlı məqamların üzərində də əhəmiyyətli dərəcədə dayandı.

Cəmiyyətimizdə geniş şəkildə müzakirə olunan və bəzi hallarda siyasi manipulyasiya mövzusuna çevrilən sülhməramlı mövzusuna ən obyektiv yanaşma tərzi ortaya qoyan Prezident İlham Əliyev həm mənfi, həm də müsbət amillərə toxundu. Qış yuxusuna gedən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə həmişəki kimi həm ironik, həm də real yanaşma tərzi ortaya qoyan natiq onlara bundan sonrakı fəaliyyət dairəsini müəyyənləşdirməklə bağlı məsləhətlərini də vermiş oldu. Düşünürəm ki, artıq tarixə qovuşan münaqişənin həllində heç bir rol oynamayan və bundan sonrakı vasitəçiliklərilə bağlı təkliflər üzərində uzun müddətdir ki, baş sındıran həmsədrlər verilən bu tövsiyələri ciddi şəkildə dəyərləndirməlidirlər.

Prezident İlham Əliyevin çıxışlarını və müsahibələrini öz Baş nazirləri Nikol Paşinyanın sərsəm açıqlamalarından daha diqqətlə izləyən Ermənistan cəmiyyətinə və dövlətinə də bundan sonrakı proseslərlə bağlı ciddi mesajlar oldu. Azərbaycanın bütün region üçün əhəmiyyət kəsb edən sülhün, təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı səmimi təşəbbüslərini vaxtında və lazımi şəkildə dəyərlənirilməsinin önəmi bir daha diqqətə çatdırıldı. Bu təkliflərin daim masada olmayacağını diqqətə çatdıran Prezident erməni cəmiyyətinə gələcəkdə baş verəcəklərə görə məsuliyyəti yalnız Ermənistanın daşıyacağını çatdırmaq istədi. Hesab edirəm ki, Azərbaycanın sülh təşəbbüslərini öz adına yazmağa çalışan və hələ ki, qeyri-səmimi bəyanatlardan irəli getməyən Ermənistan rəhbərliyi artıq zamanın məhdud olduğunu nəzərə almalı və bu tarixi imkanı doğru qiymətləndirməlidir.

Azərbaycanın müstəqilliyi ərzində, xüsusilə də özünün 18 illik hakimiyyəti dönəmində ən böyük problemimizin həlli ilə bağlı keçdiyimiz proseslərdən bəhs edən Prezident xarici siyasətimizlə bağlı önəmli məqamları da diqqətə çatdırdı. Keçmiş münaqişənin mövcud olduğu dövrdə həmişə haqlı olmağımıza rəğmən bu haqqımızı beynəlxalq aləmdə bərpa edə bilmədiyimizi diqqətə çatdıran Prezident ədaləti öz gücümüzə bərpa etdiyimizə də geniş toxundu. Azərbaycanın təkcə özünə aid olan məsələlərdə deyil, hətta qlobal xarakter daşıyan problemlərlə bağlı da ədalətli mövqedən çıxış etdiyini açıq şəkildə bəyan etdi. Bununla bağlı təkcə iki ildir ki, bütün dünyanı çənginə alan koronavirus pandemiyası ilə mübarizədə, vaksinasiya prosesindəki ədalətsizliklərə qarşı Azərbaycanın qətiyyətli mövqeyini qeyd etmək kifayətdir.

Prezident cəmiyyətimizin bu günə qədər tanış olmadığı bir sıra yeni məlumatları da diqqətə çatdırdı. Xüsusilə İkinci Qarabağ müharibəsi zamanın düşmənin məkrli və təxribat xarakterli təhlükəli addımlarından da bəhs etdi. Ancaq mənim üçün ən vacib və yeni məqamlardan biri də Zəngəzurla bağlı məlumat oldu. Belə ki, məhz Prezident İlham Əliyevin ideyası və onun müəllifliyi ilə təkcə regionumuzun deyil, beynəlxalq aləmin leksikonuna daxil olan Zəngəzur dəhlizi ilə bağlı çox maraqlı məqamlarla tanış olduq. Hazırda artıq tarixi reallığa və zərurətə çevrilən və artıq həm dəmir yolunun, həm də avtomobil yolunun çəkilməsi ilə bağlı razılıq əldə edilən Zəngəzur dəhlizi boyunca avtomobil yolunun olması ideyası hələ ulu öndərin Moskvada rəhbər vəzifədə olduğu zaman olub. O zaman ermənilərin çoxlu hiyləgər addımlarına rəğmən Moskvada Siyasi Büronun üzvü və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev bu məsələdə qətiyyətini və prinsipiallığını ortaya qoyub. Sadəcə sonradan baş verən tarixi hadisələr bu prosesin yarımçıq qalmasına səbəb olub. Bəli, biz bu gün bir çox tarixi hadisələrlə yanaşı, Zəngəzur dəhlizinin reallaşması və Azərbaycan ərazilərinin tam birləşməsi ilə bağlı prosesin də canlı şahidi olacaq azərbaycanlılar kimi qürur duyuruq!

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov