Prezident Zəngilanda KOBİA-nın xidmət pəncərəsi ilə tanış olub

Prezident Zəngilanda KOBİA-nın xidmət pəncərəsi ilə tanış olub
Oxunma sayı: 1518

Prezidenti İlham Əliyevin açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsidir.

Qeyd edək ki, KOBİA və müvafiq qurumların dəstəyi ilə bir müddət əvvəl bir qrup Ağalı kənd sakini biznes təlimlərinə cəlb olunub. Növbəti mərhələdə kənd sakinlərinə fəaliyyət sahələrinə uyğun avadanlıqlar veriləcəkdir. Ağalı kəndində fəaliyyət göstərən KOBİA-nın xidmət pəncərəsi təlimləri uğurla başa vurmuş kənd sakinlərinə də dəstək göstərəcək.

Ağalı kəndində həmçinin, KOBİA-nın dəstəyindən yararlanmış "Gillmed" tikiş fabriki də fəaliyyət göstərəcək. Dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış müəssisənin məqsədi kənd sakinlərinin məşğulluğunun təmin edilməsidir. Fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunacaq. Burada 25-ə yaxın Ağalı kənd sakininin işlə təmin olunması nəzərdə tutulur.