Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

prezidente-tebrikler-gelmekde-davam-edir
Oxunma sayı: 2263

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi.

Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var.

Ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımız, sosial ənənələrimiz, ailə dəyərlərinə hörmət və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlıq təkan verir. Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

***

Çex Prezidenti Petr Pavel Prezident İlham Əliyevə təbrik məktubu göndərib:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasında sıx münasibətlər və dostluq əlaqələri uzun tarixə malikdir. İnanıram ki, biz təkcə ölkələrimizin mənafeyi naminə deyil, həm də qitəmizdə sülh və sabitlik üçün bu əlaqələri birlikdə dərinləşdirəcək və inkişaf etdirəcəyik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram”.

***

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Xalqın yüksək etimadı yeni Azərbaycanın qurulmasına, davamlı sosial-iqtisadi inkişafa və vətəndaşların rifahının yüksəlməsinə, beynəlxalq aləmdə respublikanın nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza geniş ictimai dəstəyin sübutudur.

Sizin dostluq, mehriban qonşuluq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş strateji qərarlara uyğun olaraq iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq genişləndirilir, müxtəlif sahələrdə birgə layihələr uğurla həyata keçirilir. Bu, Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam cavab verir.

Sizinlə hər zaman açıq və konstruktiv şəraitdə keçən görüşləri məmnunluqla xatırlayıram. Etibarlı ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.

***

Rumıniya Prezidenti Klaus Verner İohannisin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.

Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.

Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.

Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.

Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm.

Cənab Prezident, xahiş edirəm Sizə dərin ehtiramımı qəbul edin”.

***

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir”.

***

İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev

Cənab Prezident,

İtaliya Hökuməti adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik etmək və yeni mandatınız üçün Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır və həqiqətən strateji və çoxölçülü tərəfdaşlığın yaradılması ilə yüksək əməkdaşlıq səviyyəsinə çatmışdır. Bizim niyyətimiz bu yolu davam etdirməkdir və əminəm ki, biz birlikdə enerji sektorundan başlayaraq bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyik.

İnanıram ki, biz bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərini təşviq etmək üçün də səylərimizi birləşdirə biləcəyik.

Əminəm ki, xalqlarımızı bir-biri ilə bağlayan səmimi dostluq sayəsində də əlaqələrimiz hər sahədə inkişaf etməkdə davam edəcəkdir.

Sizə bir daha səmimi təbriklərimi çatdıraraq, ən xoş salamlarımı göndərirəm”.