“Prezidentin bizdən istəyi seçkilərin şəffaf keçirilməsidir”- - Nağdəliyev

prezidentin-bizden-isteyi-seckilerin-seffaf-kecirilmesidir-
Oxunma sayı: 3788


“Qafqazinfo” xəbər verir ki, müşavirədə MSK sədri Məzahir Pənahov, vitse-spiker Ziyafət Əsgərov, PA rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Ədliyyə nazirinin müavini Azər Cəfərov,  Baş Prokurorluğun İdarə rəisi Nazim Abbasov, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Bakı Apellyasiya Məhkəməsinin  sədri İman Nağıyev və digərləri iştirak edir. 

Tədbiri giriş sözü ilə açan MSK sədri M. Pənahov bildirib ki, seçkilərə rəsmi start bu ayın sonunda veriləcək: “Seçkilərin keçirilməsində müxtəlif dövlət orqanlarının məsuliyyəti var. Dünyanın istənilən ölkəsində müxtəlif qurumlar müəyyən səlahiyyətlərə malikdirlər və onlar bu səlahiyyətləri yerinə yetirilməlidir. Aşağı seçki komissiyaları ilə bu qurumlar arasında əlaqələr olmalıdır. Demokratik seçkilərin keçirilməsi üçün bir sıra addımlar atılmalıdır. Ölkədə ictimai siyasi sabitlik olmalıdır. Azərbaycan da ictimai siyasi sabit ölkələrdən biridir. 

İkincisi isə ciddi Seçki Məcəlləsi olmalıdır. Seçkilər şəffaf keçirilməlidir. Vətəndaşlara seçkini müşahidə etmək üçün şərait yaradılmalıdır. Şəffaflığın təmin olunması üçün məntəqələrdə veb kameralar quraşdırılıb. Bizdə də məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb”.

***

PA rəhbərinin müavini Zeynal Nağdəliyev qeyd edib ki, bugünkü tədbirin ab-havasında ötən dəfəyə nisbətən gərginliyin azalması müşahidə olunur: “Əvvəllər niyə nöqsanların çox olması barədə söhbət edirdiksə, indi isə bu məsələlər geridə qalıb. Şübhəsiz ki, bu sizin təcrübənizin artmasını tələb edir. Cəmiyyətin bütün sahələrində həyata keçirilən uğurlu islahatlar ölkəmizin yüksək mərhələyə çıxmasına gətirib çıxarıb. İnsanlar bu gün əldə olunan nailiyyətləri itirmək istəmir.  Hamının əqidəsi birdir. Sabaha səs vermək üçün çalışırlar. Sizin də işiniz seçkilərdə qanun pozuntusuna yol verməməkdir. Prezidentin bizdən istəyi seçkilərin şəffaf keçirilməsidir. Biz bu yaxınlarda yerli icra orqanlarında müşahidələr keçirdik. Bütün siyasi partiyalara şərait yaradılmalıdır. 125 dairənin hər birində açıq və qapalı yerlər var. Təşviqat günü yaxınlaşanda bu yerlər elan ediləcək. Tarixi memarlıq abidələrinin üstünə təşviqat materiallarının vurulmasının qarşısı alınıb. Seçici siyahıları üzərində iş gedir. Siyahımız dünya ölkələrinə nümunə ola biləcək bir siyahıdır. Əvvəllər məntəqələrədə 500 veb-kamera quraşdırılırdısa, indi bunun sayı 1000 ədəddir. Veb-kameralar olan məntəqələrlə ciddi işləmək lazımdır. 600-ə yaxın nişan, bina və evlər üzrə 15 mindən artıq nömrələr quraşdırılıb”.

Daha sonra Nağdəliyev əlavə edib: "Arxayınçılıq və müştəbehlik bizim anlayışımıza ziddir. Məqsədimiz parlament seçkilərinin yüksək səviyyədə keçirilməsidir. Burada seçki məsələsində xırda problem yoxdur. Ona görə də hər birimiz yüksək peşakarlıqla seçkini həyata keçirməliyik".

***

Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, hakimiyyət və seçkilər hüquqi bir fenomendir: “Seçki Məcəlləssində nəzərdə tutulan müddəaların hamısı düzgün şəkildə yerinə yetirilməlidir. Biz Məcəllədə nəzərdə tutulan qaydaları bildiyimizi zənn edirik. Amma hər gün yeni seçki texnologiyaları yaranır. Bunları da bilmək lazımdır. Seçki hüququnun prinsip və normalarını realizə edərkən bunlar bir-biri ilə uzlaşdırılmalıdır. Arxayınçılıq olmamalıdır. Məcəllənin tələblərini hər gün öyrənmək lazımdır”.

***

Ədliyyə nazirinin müavini Azər Cəfərovun sözlərinə görə, seçkilərin seçki komissiyaları tərəfindən keçirilməsinə baxmayaraq ədliyyə orqanlarının da üzərinə vəzifələr düşür: “Ədliyyə orqanları sənədlərin təsdiqini, seçici siyahılarının tərtib olunmasını, normativ tənzimləmələri, cəzaçəkmə müəssisələrində seçkilərin keçirilməsi və s. məsələləri həyata keçirir. Siyasi partiyalar blokununun qeydə alınması notarial qaydada təsdiq olunur. Ədliyyə Nazirliyi daimi seçici siyahılarının formalaşmasında da iştirak edir. Seçki komissiyalarının qərarlarında məhkəməyə şikayət verilə bilər. Parlament seçkilərində məhkəməyə müraciət etmə halları çox olur. Ötən dəfəki seçkilərdə məhkəməyə edilən şikayətlərdən dördü təmin olunub”.

***

Baş Prokurorluğun İdarə rəisi Nazim Abbasov qeyd edib ki, prokurorluq orqanları seçki komissiyaları ilə qarşılıqlı fəaliyyət göstərir: “Baş Prokurorluğun bu işdə iştirakı seçki qanunvericiliyi üzrə pozuntu hallarının araşdırılmasıdır. Qanunvericiliyin tətbiq edilməsi üçün  komissiyalar müvafiq qanunları bilməlidirlər. Bu qanunları hər dəfə hafizəmizdə yeniləməliyik. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddəaları bilmək lazımdır”.

Günel Türksoy

“Qafqazinfo”