Prezidentin kommunikasiya nümunəsi

prezidentin-kommunikasiya-numunesi
Oxunma sayı: 2107

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, qlobal geosiyasi dəyişikliklər, regionda və dünyada baş verən hadisələrin inkişaf perspektivi, təhlükəsizlik və digər taleyüklü məsələlərlə bağlı sualların meydan suladığı və cavab axtarışında dalana dirəndiyi ən kritik məqamlarda Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media resurslarına müsahibələri qaranlıq məqamları gün işığına çıxararaq, həqiqətə qarşı hücum çəkən maraqların qarşısında dəmir məntiq sipərinə çevrilir. 44 günlük müharibədə, ölkəmizin informasiya blokadasına alınmasına cəhd göstərildiyi bir vaxtda hər birimiz döyüş meydanında və informasiya məkanında işğalçının uzun illər boyu himayəçilərinin dəstəyi ilə qurduğu və keçilməz elan etdiyi maneələri dəmir yumruq və dəmir məntiqin necə darmadağın etdiyinin şahidiyik və qələbəmizdən keçən 3 ilə yaxın zaman kəsiyində bu proses, demək olar ki, bir gün də olsun belə səngiməyib.

Ölkəmizə qarşı hücumların vüsət aldığı ən həlledici və prinsipial məqamlarda Prezident dünya ilə birbaşa kommunikasiyaya gedərək, Azərbaycana qarşı həyata keçirilən böhtan və qarayaxma kampaniyalarının leytmotivini təşkil edən bütün məsələlərlə bağlı mövqeyini ortaya qoyur, atdığımız addımlarda haqlı olduğumuzu, suveren hüqularımıza, beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək hərəkət etdiyimizi sübuta yetirir, müxtəlif bəhanələr və gəlişigözəl ifadələrin qaranlıq niyyətləri altında gizlədilən həqiqətləri aydınlığa qovuşdurur. 

Bu xüsusda, dövlətimizin başçısının Şuşada keçirilən Beynəlxalq Media Forumunda yüzdən artıq xarici media nümayəndəsinin qarşısındakı çıxışı, Azərbaycan-Ermənistan münasibətlərindən, dünyanın ayrı-ayrı  bölgələrində cərəyan edən münaqişələrdən, geosiyasi kataklizmlərdən başlayaraq, enerji təhlükəsizliyinədək ən müxtəlif sualları təkzibolunmaz faktalara istinad etməklə müqayisəli şəkildə cavablandırması və təbii ki, “Euronews”a, qlobal medianın gündəminin ən önəmli mövzularından birinə çevrilən müsahibəsində regionda və dünyada cərəyan edən prosesləri Azərbaycanın obyektiv, müstəqil baxış bucağından təhlil etməsi birbaşa kommunikasiyanın, eləcə də birbaşa kommunikasiyaya getmək bacarığının və cəsarətinin effektivliyini təsdiqləyən amil kimi qiymətləndirilməlidir.

Şübhəsiz ki, Prezidentin “Euronews”a müsahibəsinin bütün detalları çoxsaylı analitik materailların predmetini təşkil edə bilər. Amma mən daha çox, “Euronews”un müxbirinin Prezident İlham Əliyevə ünvanladığı sualların qarşılığında, dövlətimizin başçısının Ermənistandakı və Qarabağdakı ermənilərə yönəlik mesajlarının üzərində dayanmaq istəyirəm. Prezident heç zaman Ermənistandakı ermənilərə mesaj ünvanlamaq barədə düşünmədiyini, həyatında ilk dəfədir ki, belə bir sualla qarşılaşdığını bildirdi və ilk dəfə qarşılaşdığı sualı Ermənistan cəmiyyətinin daşlaşmış, insanların çiyinlərində ağır yükə çevrilmiş problemlərini mahiyyətini aşkara çıxarmaqla cavablandırdı. Qənaətimə görə, Prezidentin “Euronews”un müxbirinin yuxarıda haqqında söz açdığım sualına cavab olaraq, səsləndirdiyi mesajları, torpaqları 30 ilə yaxın işğal altında qalan, yüzminlərlə vətəndaşı öz evindən, yurdundan didərgin salınan, məbədləri, ziyarətgahları, tarixi və mədəni abidələri, yaşayış məntəqələri yerlə bir edilən, uzun illər boyu bu ədalətsizliyə qarşı mübarizə aparan, gücünü toparlayaraq, igid ovladlarının canı, qanı bahasına təcavüzə son qoyan bir dövlətin liderinin bütün bu dəhşətli faciələrin səbəbkarı olan xalqa, sadəcə sülh çağırışı kimi qəbul etmək doğru olmazdı. İlham Əliyevin mesajları, yalnız öz xalqının deyil, Cənubi Qafqazın və bütövlükdə, fərqli mədəniyyətlərə sahib olan yüz milyonlarla insanın yaşadığı nəhəng bir coğrafiyanın gələcəyini düşünən, strateji zəkaya malik müdrik bir siyasətçinin tarixi müraciəti kimi dəyərləndirilməlidir. Ermənilər də daxil olmaqla, bölgədə yaşayan bütün xalqlar toplumsal olaraq düşüncələrini dəyişmədikcə, birgəyaşayış qaydalarını mənimsəmədikcə, fərqli mədəniyyətlərə, inanclara sayğıyla yanaşmağı öyrənmədikcə, bir xalqın digərindən üstün olmadığını, hər kəsin təhlükəsiz, azad və firavan yaşamaq haqqına sahib olduğunu qəbul etmədikcə, miflərdən, əsatirlərdən qoparaq dünyanın, həyatın reallıqları barışmağın vacibliyini anlamayınca davamlı sülhə nail olmaq, müharibələrsiz, qarşıdurmalarsız keçinmək mümkün olmayacaq. 

Bu baxımdan, düşünürəm ki, Prezident İlham Əliyevin ermənilərə ünvanladığı mesajlar istənilən sağlam düşüncəli şəxsin, yaxud toplumun mövcud reallıqları, ən əsası isə həqiqəti dərk etməsi, onu əzən, basqı altında saxlayan problemlərdən çıxış yolu tapması üçün yetərlidir.

Erməni cəmiyyətinin ən böyük problemi gözlərinin önündə cərəyan edən prosesləri, reallıqları qiymətləndirməyi bacarmamaları, gözlərini və düşüncələrini ətraf mühitə qapadaraq uzun illər böyü onlara təlqin edilmiş mif və əsatirlərə, tarixi yalanlara inanmaları və ətraflarında baş verənlərə, məhz bu mif və əsatirlər, yalanlar müstəvisindən yanaşmalarıdır. Fəlsəfədə bu yanaşma “solipsizm” adlanır. Solipsizm şəxsin öz şüurunu yeganə və müstəsna reallıq kimi tanımasına, ətraf mühitin obyektiv reallıqlarını tamamilə inkar etməsinə və yaxud reallıqlarla barışa bilməməsinə deyilir. Belə düşüncə tərzi subyektiv idealizmin ifrat forması kimi də qəbul olunur və istənilən fərd və cəmiyyət üçün təhlükəlidir. Erməni cəmiyyətini təşkil edən fərdlər əgər inkişaf etmək, təhlükəsiz və firavan yaşamaq, qonşularla normal münasibətdə olmaq istəyirlərsə, ilk növbədə düşüncələrini, onlara təlqin edilən saxta tarixdən, mif və əsatirlərdən, ideoloji və siyasi yalanlardan qoparmağa nail olmalı, reallıqları olduğu kimi qəbul etməli və bu reallıqlarla barışmağı, öz imkanlarını, fərd və toplum olaraq potensiallarını düzgün dəyərləndirməyi bacarmalıdırlar.

Prezidentin müsahibəsində qeyd etdiyi kimi, “uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar”. Müharibə bu hekayələri tamamilə məhv etdi, tarixin arxivinə göndərdi, amma təssüf ki, bəziləri hələ də düşüncələrini rəngsiz reduksionizmin hökm sürdüyü “arxiv materialları” ilə doyurmağa davam edirlər. 

Müharibə, nə qədər amansız olsa da real imkanların mübarizəsidir. Müharibənin həqiqətləri qəddardır, amma realdır. Bu hekayələrin həqiqi qəhrəmanları kimi... Birinci Qarabağ müharibəsində bəlli bir gücün “şineli”nin ətəkləri altında gizlənib qondarma “qəhrəman” obrazlarını erməni cəmiyyətinə sırıyanlar, şübhəsiz ki, ermənilərə həqiqətləri deyə bilməzdilər. Bu baxımdan, Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı fərq də yalanla gerçəklik arasındakı fərq qədərdir. Və bu fərqi təkcə Ermənistan vətəndaşları deyil, Azərbaycan ərazilərində yaşayan ermənilər də görməli, nəticə çıxarmalıdırlar. Əslində, Azərbaycan ərazilərinin işğaldan azad edildiyi dövrdə işğal rejiminin, separatçıların, müharibə canilərinin girov saxladığı ermənilərin acınacaqlı vəziyyəti, Ermənistan cəmiyyətinin nəticə çıxarması üçün də yetərli olmalıydı.  Amma olmadı...

Onlar özlərini “qalib” adlandırırdılar, amma bu qalibiyyət özünü, yalnız Azərbaycan ərazilərini xarici dəstəklə işğal altında saxlanılmasında büruzə verirdi. 30 ilə yaxın zaman kəsiyində Azərbaycanın yaşayış məntəqələri yerlə bir edilmişdi, sərvətləri talanmışdı, oğurlanmışdı, amma əvəzində ayrı-ayrı şəxslərə məxsus bir neçə tikilidən başqa heç nə inşa edilməmişdi, Qarabağ erməniləri, az qala feodal dövrünə qaytarılmışdı, vaxtilə Azərbaycan xalqına pənah gətirdikləri, mərhəmətimizə sığındıqları dövrdən öncəki durumdan da acınacaqlı vəziyyətə düşmüşdülər.

Azərbaycan, şübhəsiz ki, ilk növbədə öz torpaqlarını işğaldan azad edib, amma bununla yanaşı, müharibədən keçən 3 ilə yaxın bir zaman ərzində qalib ölkə və xalq olmanın mükəmməl bir obrazını da yarada bilib. İndi Qarabağda yaşayan ermənilər, sadəcə ətraflarında həyata keçirilən quruculuq-abadlıq işlərinə nəzər salsalar, vəhşicəsinə dağıtdıqları şəhərlərin, kəndlərin, az qala ildırım sürəti ilə, böyük sevgi ilə neçə dirçəldiyinə nəzər salsalar, qalib xalqın və dövlətin, eləcə də qalib liderin gerçək obrazını görə bilərlər. Və təbii ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək”.

Zənnimcə, Prezident İlham Əliyevin nişan verdiyi istiqamətlər, həm Ermənistan, həm də Qarabağ erməniləri üçün yeganə çıxış yoludur. Ya işığa doğru hərəkət edəcəklər, ya da Azərbaycan dövləti onları qaranlıqdan xilas etmək məcburiyyətində qalacaq. 

Ermənistan cəmiyyəti son 30 il ərzində çoxsaylı qarşıdurmalardan, çevrilişlərdən keçib. Amma heç bir dəyişikliyə nail ola bilməyib. Çünki problemlərinin kökünü özündə deyil, kənarda axtarıb. Düşdükləri duruma görə, hətta torpaqlarını uzun illər işğal altında saxladığı, viran qoyduğu Azərbaycanı, əbədi düşmən saydıalqrı Türkiyəni, hətta Ermənistanın bir dövlət olaraq mövcudluğunu təmin edən Rusiyanı da günahkar biliblər. Dövlət idarəçilik modelini dəyişiblər, faydası olmayıb. Siyasi liderlərini, mövqelərini, üz tutduqları qütbləri və daha nələri... dəyişiblər. Amma unudublar ki, fərd və cəmiyyət olaraq, problemlərinin kökü əsassız nifrət, kin və qəzəb, saxta tarix, mif və əsatirlər üzərində formalaşmış düşüncələrindədir. 

Bu baxımdan, Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində yer alan mesajlar, təkcə Ermənistan cəmiyyəti və Azərbaycan ərazilərində yaşayan ermənilər üçün deyil, öz düşüncəsində dəyişiklik etmək istəməyən hər kəsə, o cümlədən Cənubi Qafqazdakı, bütövlükdə dünyadakı reallıqları düzgün dəyərləndirə, baxış bucağını dəyişə bilməyənlərə də şamil olunmalıdır...

Elçin Mirzəbəyli