"Qafqazinfo" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilib.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının geniş coğrafiyada tanıdılması məqsədilə keçirilən incəsənət festivalında 26 ölkədən 28 tanınmış rəssam iştirak edib.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Leyla Əliyevaya məlumat verilib ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın coğrafiyasını genişləndirərək mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.
Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında Leyla Əliyevaya ətraflı məlumat veriblər.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxış edərək mühüm bir layihənin reallaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Vurğulanmışdır ki, 2010-cu ildə başlanan, üç il ardıcıl olaraq Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalının beşincisinə bu il yenidən Bakı ev sahibliyi etmişdir. Ötən illər ərzində festivalda dünyanın müxtəlif ölkələrindən gələn 70-dən çox tanınmış rəssam iştirak edib.
Son xəbərlər
Son Xəbərlər