Martın 4-də Bakıda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq yaradılmış Apellyasiya Şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsi keçirilib.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak ediblər.
Yığıncaqda çıxış edən Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, Apellyasiya Şuraları yeni iqtisadi şəraitdə həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Apellyasiya Şuralarına çox vacib funksiyaları yerinə yetirilməsi həvalə olunub. Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təcrübənin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərəcək.
Eldar Nuriyev qeyd edib ki, dövlət başçısının tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi məqsədilə Fərman qəbul olunduqdan dərhal sonra texniki-təşkilati tədbirlərin icrasına başlanılıb, işlərin sistemli və ardıcıl aparılması üçün Tədbirlər Proqramı təsdiqlənib.
Vurğulanıb ki, Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası artıq sahibkarların şikayətlərinə baxmağa hazırdır. Son bir neçə gündə Şuraya xeyli sayda şikayətlər daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə, şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub.
Seminar-müşavirədə qarşıda duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb.


Son xəbərlər
Son Xəbərlər