“Prezidentlə sizin xidmətiniz məmurlar üçün ən yaxşı nümunədir”

prezidentle-sizin-xidmetiniz-memurlar-ucun-en-yaxsi-numunedir
Oxunma sayı: 645

Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da çıxış edib.

O bildirib ki,  Heydər Əliyev Fondunun müraciətinə əsasən özəl təşkilatlardan 210 mənzil ayrılıb və hazırda onlarda son tamamlama işləri həyata keçirilir:

"Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 260 ailəlik dörd yaşayış binasının tikintisi sürətlə davam etdirilir və cari ilin iyul ayında başa çatdırılacaq.

Azərbaycan Prezidenti və Siz daim sülhsevər siyasət yeridir, ölkələri həmişə həmrəyliyə dəvət edir, öz xalqına xidmətlə bütün dünyaya nümunə göstərirsiniz.

Dünyanın super dövləti olan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə bu günlərdə ünvanladığı təbrik məktubundan bir cümləni vurğulamaq yerinə düşərdi. O qeyd edib ki, “həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”. Bu, məhz ölkə Prezidentinin və Sizin xalq üçün gördüyünüz işlərə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymətdir. Ancaq ən layiqli qiyməti Azərbaycan xalqı verib.

Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, bizim əsas vəzifəmiz, məqsədimiz xalqımıza xidmət etməkdir. Son 13 ildə öz tarixi yurdlarından didərgin düşmüş soydaşlarımız üçün 95 qəsəbənin tikilməsi, 250 min nəfərin mənzillə təmin edilməsi bu xidmətin əyani sübutudur.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev və Sizin tərəfinizdən uğurla davam etdirilən bu siyasətin dünyada analoqu yoxdur və dünyanın heç bir münaqişə zonasında, həmçinin bütün Avropa ölkələrində qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur. Məhz buna görə də qaçqın və məcburi köçkünlərimizin ölkə başçısına və Sizə olan tükənməz inamlarının da dünyada analoqu yoxdur.

Kaş belə münasibəti qaçqın və məcburi köçkün problemi ilə guya məşğul olan dövlətlərdə, beynəlxalq qurumlarda və təşkilatlarda görə biləydik. Buna görə də əminliklə deyirik ki, Azərbaycan xalqının, o cümlədən bütün qaçqın və məcburi köçkünlərin inam və ümid yeri yalnız möhtərəm Prezidentimiz İlham Əliyevdir və Sizsiniz. Hesab edirəm ki, Prezidentimizin və Sizin öz xalqına, qaçqın və məcburi köçkünlərə xidmətiniz, qayğınız biz məmurlar üçün ən yaxşı nümunədir".