Prezidentlə xanımı sərgidə - Fotolar

prezidentle-xanimi-sergide
Oxunma sayı: 796

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

"Qafqazinfo" xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.

Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edir. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir.

Dövlətn başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxdı. Burada 15 şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Stenddə Bakı və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ stendi ilə də tanış oldular. Bu stend də sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ barədə ətraflı məlumat verilir.