Prezidentlə xanımı Şuşadakı obyektlərdə işlərin gedişi ilə tanış oldular - Fotolar + Yenilənib

prezidentle-xanimi-susadaki-obyektlerde-islerin-gedisi-ile-tanis-oldular
Oxunma sayı: 6648

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa otel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan oteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.

Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.

Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa olunub. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri bərpa edilib.

Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və “Güldəstə”sini də əhatə edir.

Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Qeyd olunub ki, bulağın damı əvvəlki vəziyyətinə gətirilib.

Məlumat verilib ki, təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təcəssüm etdirəcək. Burada ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan, evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq otağı, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.

Qeyd olunub ki, təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanılıb. Məktəb 960 şagird yerlikdir. Burada şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında aparılacaq bərpa işləri ilə maraqlanıblar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.