Prezidentlər bəyanat verdi - Yenilənib

prezidentler-beyanat-verdi
Oxunma sayı: 4450

İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.

Qafqazinfo”nun məlumatına görə, rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra İlham Əliyevlə Həsən Ruhani arasında məhdud tərkibdə görüş olub.

***

Bu gün məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

APA-nın məlumatına görə, H. Ruhani geniş tərkibli görüşdə deyib ki, prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətini görməyə çox şaddır.

H. Ruhini qeyd edib ki, Azərbaycan prezidenti və nümayəndə heyətinin üzvləri ilə İranda keçirdikləri görüş bir başlanğıc olub: “Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.

Azərbaycan prezidenti İlham Əliyev ilk növbədə, dəvətə, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə İran prezidentinə minnətdarlıq edib: “İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb. Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”.

***

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzalayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzalayıb.

***

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran Prezidenti Həsən Ruhani və Azərbaycan dövlət başçısı İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

***

APA-nın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri qədim tarix, mədəniyyət, ortaq dinə əsaslanır: “Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində çox gözəl nəticələr olduğunu nəzərə çatdırıb: “Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu. əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və prezident Ruhaninin Azərbaycana səfərləri nəticəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu əlaqələrimiz üçün möhkəm baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda prezident Həsən Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Birgə icra etdiyimiz Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”.



Dövlət başçısı deyib ki. Azərbaycan və İran energetika sahəsində əməkdaşlıq istiqamətində böyük uğurlar əldə edilib: “İki ölkə elektrik enerjisi sistemlərini birləşdirib və mübadilə aparır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin iştirakçısıdır və sərmayədarıdır. Bu gün görüşdə Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının aparılması üçün geniş fikir mübadiləsi apardıq”.

Prezident İlham Əliyev Azərbaycan-İran müştərək iqtisadi komissiyasının fəaliyyətini yüksək qiymətləndirib: “İran və Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə böyük töhfədir. Nəzərə çatdırım ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Biz çalışırıq ki, İslam aləmində birliyi və həmrəyliyi möhkəmləndirək. Biz öz milli, mənəvi və dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək”.

Dövlət başçısı bildirib ki, Azərbaycan iki ölkə arasında əlaqələrə yüksək qiymət verir.

***

APA-nın Tehran bürosunun məlumatına görə, mətbuat konfransında prezident H. Ruhani deyib ki, ötən 3 il ərzində iki ölkənin əlaqələri həm siyasi və həm də mədəniyyət sahəsində çox inkişaf edib.

H. Ruhani bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin artması hər iki ölkə rəhbərliyinin münasibətlərin daha da genişlənməsi ilə bağlı iradəsinin göstəricisidir: “İki ölkə arasında tranzit sahəsində də əməkdaşlıq yaxşı səviyyədə qurulub və Şimal-Cənub Nəqliyyat Dəhlizi bu əlaqələrin qurulmasında böyük rol oynayır”.

H.Ruhani əlavə edib ki, Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisində İranla əməkdaşlıq edir və bu əməkdaşlığın regionda dəmir yolunun inkişafında böyük rolu var: “İki ölkə neft sahəsində də əməkdaşlıq edir. İran neft mübadiləsi (swop) sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Yəni İran nefti Xəzər dənizində təhvil alsın və İranın cənubunda dünya bazarına çıxarsın”.

İran prezidenti qeyd edib ki, iki ölkə arasında avtomobil istehsalı sahəsində də əməkdaşlıq inkişaf edib: “Biz görüşdə ekologiya, Xəzər dənizində ətraf mühitin qorunması, Xəzəryanı ölkələrin əldə etdiyi razılıqların icrası üçün davamlı əlaqələr qurmaq və Xəzərin ekoloji təmizliyini qorumaq məsələlərini müzakirə etdik. Xəzər dənizində neft yataqlarının birgə işlədilməsi ilə bağlı çoxlu müzakirələrimiz olub. Bu gün də bu müzakirəni davam etdirdik. Qərara alındı ki, iki ölkənin neft nazirləri razılıq əldə olunana kimi müzakirəni davam etdirsinlər”.

H.Ruhani deyib ki, görüşdə İran, Azərbaycan və Rusiya, eləcə də Azərbaycan, İran və Türkiyə və Azərbaycan, İran və Gürcüstan üçtərəfli görüşləri haqqında danışıqlar aparılıb: “Görüşdə həmçinin regionda baş verən proseslər müzakirə olundu. İran bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayır. Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq. Münaqişələr müzakirə və siyasi yollarla öz həllini tapmalıdır”