İyunun 8-də Qahirədə Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Misir Prezidenti bəyanatla çıxış etdi.
Prezident Əbdülfəttah əs-Sisinin
bəyanatı
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Zati-alilərinizi və Sizi müşayiət edən nümayəndə heyətinizi qəbul etməkdən xoşbəxtəm. Bu səfəriniz ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə xidmət edir və yol açacaq. Eyni zamanda, Zati-alinizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyiniz münasibətilə də ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin.
Xanımlar və cənablar, regional məsələlər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri ilə müzakirələr əsnasında diqqət mərkəzində olub. Cənab Prezidentlə müzakirələrdə, eyni zamanda, Qəzzada fələstinli insanlar üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin səylərini müzakirə etdik və 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində müstəqil Fələstin Dövlətinin yaradılmasının zəruriliyini vurğuladıq.
Cənab Prezidentə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim. Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq. Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq.
Buyurun cənab Prezident, söz Sizindir.
x x x
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident, Zati-aliləri.
İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Qədim tarixə malik ölkənizdə olmağımdan çox məmnunam.
Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar.
Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır.
Eyni zamanda, biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik. Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.
Onu da bildirdim ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək. Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.
Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağıq.
Hörmətli cənab Prezident, Zati-aliləri, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, noyabr ayında Bakıda COP29 çərçivəsində biz Sizinlə yenidən görüşəcəyik.