“Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”

prezidentlerin-fuzuli-ve-susaya-seferleri-vacib-hadiselerle-yadda-qaldi
Oxunma sayı: 2514

Ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları iki dost ölkə arasındakı münasibətlərin sıxlığının və yaxınlığının təcəssümüdür. Məhz Azərbaycan və Belarus xalqları arasında uzun illər mövcud olmuş dostluq münasibətləri, dövlət başçılarının qarşılıqlı səfərləri, ölkələrimizin birgə əməkdaşlığı kontekstində daha da güclənib.

Məhz Ali qonağın öz çıxışında xalqlarımız arasındakı dostluq, ölkələrimiz arasındakı mehriban münasibətlərə toxunmaqla bərabər Azərbaycanın Cənubi Qafqazın lideri olaraq buradakı sabitliyin və təhlükəsizliyin qarantı hesab olunmasını bir daha dilə gətirməsi, bu gün ölkəmizin dünyada artan qüdrətinin nəticəsidir.

Ölkə prezidentlərinin keçirdikləri rəsmi görüşlərdən, sənədlərin imzalanması və bəyanatlarla çıxışlarından sonra birlikdə Füzuli və Şuşa şəhərlərinə səfərləri olduqca vacib hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevlə birlikdə istər Belarus başçısı, istərsə də başqa ölkələrin liderlərinin uzun illər işğal altında qalmış ərazilərə səfərlər etməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu səfərlər zamanı liderlərə Ermənistanın əzəli və əbədi torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində törətdiyi faciələr barədə geniş məlumat verilir, fəlakətlərin qalıqlarının şahidi olurlar. Təbii ki, Ermənistanın həyata keçirdiyi terrorun ağrılı üzünü, törətdiyi vandallığın qalıqları ilə tanış olanlar heyrətlərini gizlədə bilmirlər.

Dünən Belarus liderinin Füzuli və Şuşa şəhərinə səfəri zamanı Füzulidə və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş faciələrlə daha yaxından tanış oldular və barbarlıq aktları Ali qonağın diqqətinə çatdırıldı. Ermənilərin işğal dövrünün soyqırım, terror və dağıntılarla bərabər həm də barbarlıqda ehtiva olunmasının şahidi oldular.

Səfər zamanı cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxdılar. Hansı ki, bu heykəllər öz tarixiliyi ilə bərabər ermənilər tərəfindən törədilmiş vandallığın əsas izlərini daşıyırlar. Heykəllərin, abidələrin gülləbaran olunması, tarixi memarlığa qarşı bu cür dağıdıcı münasibət yalnız ermənilərin nifrətinin göstəricisi ola bilər. Məhz “Xan qızı”nın heykəli ilə bərabər Azərbaycan sənətkarlarının abidələrinə tutulmuş bu divanın səbəbi bu abidələrin məxsus olduğu xalqa nifrətdən başqa bir şey ola bilməz. Natəvanın heykəlinin Fransada terrora məruz qalması, baş verənlərin qarşısında bu ölkənin aidiyyəti qurumlarının susması da məhz Fransanın apardığı antiazərbaycan siyasətinin nəticəsidir. Ali qonağın Şuşada gülləbaran edilmiş abidələrə baxan zaman dediyi kimi: “İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər”.

Liderlər dünənki səfərləri zamanı həm də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 4 ildən də az vaxt keçməsinə baxmayaraq, aparılmış genişmiqyaslı abadlıq - quruculuq işləri ilə yaxından tanış oldular. Səfər zamanı Füzuli şəhərində tikilmiş Beynəlxalq Hava Limanından başlayan bu yol daha sonra, şəhərin Baş planının tanışlığı ilə və görülən işlər barədə məlumatların verilməsi ilə davam etdi.

Daha sonra liderlər Şuşanı ziyarət edərək şəhərdə görülən abadlıq və quruculuq işləri barədə məlumatlandırıldılar. Prezident İlham Əliyevlə Ali qonaq Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış oldular. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla bərabər ölkəmizlə Belarus arasında münasibətlərin qurulmasına xüsusi önəm verib, iki dövlətin bugünkü səviyyədə əməkdaşlıq münasibətinə zəmin hazırlayıb.

Səfər zamanı Azərbaycan və Belarusun birgə istehsal olunan avtobuslarına baxış keçirildi. Dövlətlərimiz arasında bütün sahələrdə, xüsusilə də kənd təsərrüfatında, müasir şəhər və aqroşəhərciklərin qurulmasında səmərəli əlaqalərin davam etməsi həm də iki ölkə arasındakı isti münasibətlərə xüsusi töhfə verəcək. İşğaldan azad olunmuş ərazilərə Belarus şirkətlərinin dəvət olunması və onların müasir təcrübələrindən səmərəli istifadə olunması iqtisadi, ticari əlaqələrə geniş fayda verəcək.

Bu gün Belarus Parlamenti ilə ölkəmizin qanunverici orqanı arasında parlamentlərarası İşçi Qrup fəaliyyət göstərir. İkitərəfli və beynəlxalq parlament təşkilatlarında qarşılıqlı əlaqələr hər iki dövlətin maraqlarına uyğundur.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev