Problem yaşadığı deyilən şagirdlər haqda açıqlama - Müəllimə töhmət verilib

problem-yasadigi-deyilen-sagirdler-haqda-aciqlama
Oxunma sayı: 2669

“Qızımı müəllimi tərəfindən mütəmadi olaraq fiziki və psixoloji şiddətə məruz qaldığı üçün məktəbdən uzaqlaşdırmaq məcburiyyətində qalmışam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalist Günel Musa sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, paytaxtın 249 tam orta məktəbinin 3c sinfində təhsil alan qızı artıq 1 aydır ki, dərsə getmir: “Sinfin müəllimi Afət Tağıyeva 8 yaşlı uşağa 23 uşağın içində təzyiq göstərir. Dəmir xətkeşlə vuraraq əlini yaralamışdı. Uşağımın psixologiyası pozulub. Hazırda məktəbə getmir. Lakin o müəllim işinə davam edir. Sistem də açıq olmadığı üçün başqa məktəbə yerləşdirə bilmirəm”. 

Məsələ ilə bağlı adıçəkilən məktəbə sorğu ünvanladıq. 249 nömrəli tam orta məktəbdən müraciətimizə belə cavab verildi: “Məktəbin ibtidai sinif müəlliminin III sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25.01.2024-cü il) araşdırma aparılıb. Araşdırma zamanı müəllimin şagirdə psixoloji təzyiq göstərmədiyi, dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub.

Məktəb rəhbərliyi tərəfindən uşağa fərdi yanaşmadığına, yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na riayət etmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, müəllimə töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib”.

Övladının məktəbdə problem yaşadığını bildirən digər valideyn isə yazıçı Cəlil Cavanşirdir. Bununla əlaqədar paylaşım edən C.Cavanşirin iddiasına əsasən, Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbdə, 10-cu sinifdə təhsil alan oğluna qarşı sinif yoldaşları tərəfindən qısnama edilib: “Bədən tərbiyəsi müəllimi Sahib Cəfərov da şagirdlərə qoşularaq oğlumu ələ salıb. Artıq neçənci haldır ki, oğlum müəllimlərin davranışından, yanaşmasından şikayət edir”.

Bu ittihamlarla bağlı da Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticələri barədə məlumat veriləcək.

Lamiyə Məmmədova