“Problemləri həll etməkdə çətinlik çəkirik” - Samir Abasov+Video

problemleri-hell-etmekde-cetinlik-cekirik
Oxunma sayı: 1763

Xəbər verdiyimiz kimi, “Neftçi” Misli Premyer Liqasının 20-ci turunda səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra fikirilərini bildirib. 

O, komandadan narazı qaldığını deyib: “Tamamilə narazı qaldım. Birinci hissədə heyəti quranda fikirlərimiz o idi ki, hücum etməkdə problemlərimiz var. Yaradıcı nəsə etmək istəyirik, amma alınmır. Bacarıqsızlıq deyim, nə deyim, bilmirəm. Bu problemlər üzə çıxdı, əslində, var idi. Fikirləşdik ki, Murad kreativ futbolçudur, Ramil Şeydayev də sol cinahda oynasın. Əfsuslar olsun ki, sönük oyun getdi. Birinci hissədə qapıya zərbə vura bilmədik. Bu da narazı qaldığımız məqamlardır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Daha çox hücum etmək tapşırığı verdik. Alındı, epizodlar da oldu. Amma qollar olmadı.

Robert Bauer durduğu yerdə topu kornerə çıxardı. Bu cür təcrübəli oyunçular belə şeylər edir. Standart vəziyyətdən qol buraxdıq. Nələrisə dəyişə bilmirdik. Ümidimiz ikinci hissədəki dəyişikliklərə qalmışdı. İmkan olsa idi, 5-ci dəyişikliyi də edərdik. Problemlərimiz, çətinliklərimiz var. Nədən irəli gəldiyini bilirəm. Amma həll etməkdə çətinlik çəkirik. “Transfer pəncərəsi”nin bağlanmasına qədər vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik, bəlkə nələrisə dəyişərik. Kubok oyunumuz var. Bizim üçün çox önəmlidir. Ona hazırlaşacağıq. Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq. Rəqibi təbrik edirəm”.