Prokuror dayısı arvadını öldürən 3 qardaşa iş istədi - - 50 il

prokuror-dayisi-arvadini-olduren-3-qardasa-is-istedi-
Oxunma sayı: 2621


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ifadə verib. Qətli törətdiyini etiraf edən Nahid Qədəşov istintaqa verdiyi ifadəsini təsdiqləyib. Lakin ifadəsində bir cümləni müstəntiqin təzyiqi altında yazdığını deyib:

“Orada qeyd olunub ki, mən dayımgilə getmədən öncə onları öldürəcəyimi qardaşlarıma demişəm. Amma mən qardaşlarıma belə söz deməmişəm, ifadəmdə də belə söz deməmişəm. Bunu müstəntiq özü yazıb. Mən soruşanda da dedi ki, bu cümləni ona görə yazıram ki, ifadəni tamamlasın”.

Dövlət ittihamçısının sualına cavab olaraq N.Qədəşov deyib ki, dayısıgilə getməkdə məqsədi kimisə öldürmək olmayıb: “Üstümdə olan bıçağı adam öldürmək üçün götürməmişdim. Mənim həmişə üstümdə bıçaq olur. Çünki mağazada işləyirəm, kisələrin, qutuların ağzını açmaq üçün istifadə edirəm. Biz ora getdik ki, söhbəti aydınlaşdıraq. Onlar bizim ən yaxın adamlarımızdır. İşdi də, oldu. Allah şeytana lənət eləsin”.


Bundan sonra digər qardaş Əziz Qədəşov ifadə verib. O bildirib ki, dayısıgilə gedərkən Nahidin üzərində bıçaq olduğunu bilməyib: “İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Bizim ora getməkdə məqsədimiz söhbət etmək, məsələni aydınlaşdırmaq idi”.

Hadisə zamanı vəfat edən Ülkər Abdullayevanın hüquqi varisi ifadəsində Əziz Qədəşovu cinayət baş verməsinin qarşısını almamaqda ittiham edib: “Əziz, sən istəsəydin qoymazdın Ülkər bıçaqlansın. Sən ona 9 bıçaq vurduğuna görə vicdan əzabı çəkirsən?! Gecələr yata bilirsən?!”

Əziz Qədəşov isə hadisənin istəmədən baş verdiyini, özünün isə heç kimi vurmadığını deyib. Bundan sonra yetkinlik yaşına çatmayan kiçik qardaş, Cahid Əzizov ifadə verib. 17 yaşlı oğlan dayısıgilə gedərkən məsələnin nədən ibarət olduğunu bilmədiyini deyib: “Gördüm qardaşlarım gedir, mən də getdim. Davada da heç kimi vurmamışam. Dayım Tərlan bıçaqla məni vurub. Mən də onu divara sıxıb saxlamışam. Sonra özümdən getmişəm, qardaşlarım məni götürüb aparıb”.

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib.

Dövlət ittihamçısı çıxış edərək Nahid Qədəşova 20 il, Əziz Qədəşova 20 il, Cahid Qədəşova isə 10 il həbs cəzası istəyib. Bundan sonra vəkillər çıxış edib. Vəkil Adəm Məmmədov müdafiə etdiyi Cahid Qədəşov üçün bəraət verilməsini istəyib: “Cahid yetkinlik yaşına çatmayan şəxsdir. Hərəkətlərini tam olaraq anlamaya bilər. Məhkəmədən xahiş edirəm ki, hökm verilərkən onun ölüm hadisəsində heç bir formada iştirak etmədiyini və hətta qarışıqlıq olan davada özünün bıçaqlanmasını nəzərə alsın”. Vəfat edən Ülkər Abdullayevanın əri Tərlan Abdullayev bacısı uşaqları üçün istənilən cəzanın ağır, hüquqi varisi isə cəzanın cinayətə uyğun olduğunu deyib. Qardaşların atası da istənilən cəzanın həddən artıq çox olduğunu bildirib. Məhkəmə prosesi mayın 14-nə təyin edilib.

Qeyd edək ki, 2014-cü ilin avqustunda qardaşların bacısı gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlib. Buna görə də 3 qardaş məsələni aydınlaşdırmaq üçün dayısıgilə gediblər. Ora çatandan sonra Nahid Qədəşov dayısından arvadını çağırmasını istəyib. Dayısı T.Abdullayev isə niyə arvadını soruşduğunu deyib. Nahidin “duza qoyacağam” cavabı davaya səbəb olub. Dayı bacısıoğluna bir sillə vurub. Bundan sonra isə Nahid dayısını və onun oğlu Rəhmanı bıçaqlayıb. Sonradan səs-küyə gələn dayısı arvadı Ülkər Abdullayeva da 9 bıçaq zərbəsi vurub. Ü.Abdullayeva hadisə yerində ölüb.

Murad Əhməd