Prokuror Zakir Sultanova 12 il iş istədi

prokuror-zakir-sultanova-12-il-is-istedi
Oxunma sayı: 2739

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Çıxış üçün dövlət ittihamçısına söz verilib. O, Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə təqsirli bilinərək həbs cəzasının verilməsini istəyib.

Prokurorun sözlərinə görə, 313-cü maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxsə yalnız 179.4-cü maddə ilə 12 il azadlıqdan məhrum etmə cəzası verilsin. Bundan başqa, dövlət ittihamçısı bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən təqsirləndirilən şəxsə qarşı əlavə olaraq qaldırılan 5 milyon 327 min 900 manat dəyərində mülki iddia da təmin olunsun.

Zakir Sultanov isə mülki iddiada göstərilən məbləğdən 4 milyon manatı yaxınlarının nəğd şəkildə Mədəniyyət Nazirliyinə ödədiyini söyləyib: “Qalan məbləğ isə bank hesablarıma qoyulan həbs və evimdə aparılan axtarış zamanı götürülən pullar vasitəsilə ödənilib”.

Proses dekabrın 14-də davam etdiriləcək.

Rəsmi ittihama görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinir.

Amin Nəzərli