Protaseviçlə sevgilisi ev dustaqlığına buraxıldı

protasevicle-sevgilisi-ev-dustaqligina-buraxildi
Oxunma sayı: 1109

Belaruslu müxalif jurnalist Roman Protaseviç və rus sevgilisi Sofiya Sapeqin ev dustaqlığına buraxılıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Protaseviç və Sapeqinin valideynləri BBC-yə açıqlamalarında məlumat veriblər.

Valideynləri Sapeqinin hazırda Minsk şəhərində kirayə bir mənzildə tək yaşadığını bildirib. Onların sözlərinə görə, qızları artıq iki-üç gündür ki, ev dustağıdır.

Roman Protaseviçin də ev dustağı edilməsi barədə atası Dmitri Protaseviç BBC-yə məlumat verib.

“Hakimiyyətin hərəkətlərinin, məqsədlərinin nə olduğunu şərh etmək mənim üçün çətindir. Bəlkə, bir siyasi oyun gedir”, - deyə D. Protaseviç qeyd edib.

Onun sözlərinə görə, Sapeqin və Protaseviçə qarşı ittihamlar ləğv edilməyib: “Hələ də səlahiyyətlilərin tam nəzarəti altındadırlar. İstintaq davam edir. Vəkil və səlahiyyətlilər heç nə demir. Əgər həbs qətimkan tədbiri dəyişdirilibsə, bu, sadəcə onların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Əks təqdirdə, bundan sonra nə olacaq, bilinmir”.

Xatırladaq ki, 23 may tarixində Yunanıstandan Litvaya gedən “Ryanair”ə aid 123 nəfəri daşıyan təyyarə bomba xəbərdarlığı iddiası ilə Belarus hava məkanında məcburi endirilmiş, sərnişinlər arasında olan “Nexta” teleqram kanalının rəhbəri Roman Protaseviç və sevgilisi Sofia Sapeqin saxlanılmışdı.

Aİ Şurası Protaseviçlə sevgilisinin dərhal sərbəst buraxılmasını və onların hərəkət azadlığının təmin olunmasını tələb edib.