“Qafqazinfo” a24.az saytına istinadən xəbər verir ki, bu haqda Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlama verib. . Onun fikrincə, bacılarda milli şüur, milli mənlik problemi var: “Xəzər TV-də Sevil-Sevinc bacılarının verlişinə baxmışam. Qızlar istedadlı olmalarına baxmayaraq Azərbaycan milli təfəkküründən uzaqdırlar və görünən budur ki, onlar ölkəmizdə böyüyüb formalaşmayıblar. Milli şüurun yetərincə olmaması, milli mənliyin kifayət qədər formalaşmaması onların bu davranışlarına gətirib çıxaran amillərdəndir. Yəqin ki, bu da onların milli valyutamıza münasibətini göstərir”.
Deputat deyib ki, Azərbaycanın iqtisadi müstəqilliyinin atributlarından olan manata hörmətsizlik haramlığın ifadəsidir: “Bu Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə təhdiddir. Bizim valyutamız həm də, Azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqlliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur”.
Aparıcının yol verdiyi səhvə görə cinayət tərkibinin olub-olmamasını deyə bilməsə də, F.Ağamalı hesab edib ki, bu, cinayətdən çox insana təsir edən ictimai qınaqdır: “Əgər bu qınaq təkcə sizin saytınızda deyil, eyni zamanda Xəzər TV-nin özünə qədər gedib çatırsa və KİV-lərdə ictimai qınağa səbəb olursa, bu, özü-özlüyündə onlar üçün çox böyük cəza olardı”.
***
Sevinc-Sevil bacıları hərəkətlərinə görə üzr istəyib. Ailem.az-ın vesti.az-a istinadən xəbərinə görə, bacılar Azərbaycan xalqından üzr istədiklərini deyib: “Bütün Azərbaycan vətəndaşlarından üzr istəyirik. Dövlətimizin atributunu təhqir etməyi düşünməmişdik. Məsələ ondadır ki, bütün bunlar spontan baş verdi. Mahnı ifa edərkən rola girdik və nəticədə belə alındı. Biz heç düşünməzdik ki, bu hərəkətimiz belə qəbul olunacaq”.
Bacılar deyib ki, onlar həmişə Azərbaycanın atributlarına hörmət edir və böyük qürurla dövlət bayrağının altında çıxış edirlər“.