Pul üçün adınızı ləkələməyin...

pul-ucun-adinizi-lekelemeyin
Oxunma sayı: 2332


Biz həmyaşıdıq. Onunla eyni məktəbdə oxumuşuq. Xüsusi istedadı olmasa da, qiymətləri pis deyildi. Sinif yoldaşlarından geri qalmamaq üçün gecə-gündüz çalışırdı. Paxıl olduğu üçün uşaqlar onunla ünsiyyətə bir o qədər də maraq göstərmirdilər. Heç onun özü də buna can atmırdı. Özündənrazı, ədəbaz oğlan idi. Biz onu olduğu kimi qəbul etmişdik...

1992-ci ildə o da bizim kimi orta məktəbi bitirib, uiversitetə qəbul oldu. Mən, ali təhsil almaq üçün Türkiyəyə üz tutduğumdan əlaqəmiz kəsildi. Onunla bir də 3 il sonra görüşdük. Əlində zərli dəvətnamə vardı. Hal-əhval tutandan sonra həmin dəvətnaməni mənə uzatdı: “Gələn həftə toyum olacaq. Səni də dəvət edirəm”.

Sevincdən üzü gülürdü. İlk dəfəydi onu belə xoşbəxt görürdüm...

Toydan sonra yenə əlaqəmiz kəsildi. Bir neçə il sonra eşitdim ki, Elçin dövlət idarələrinin birində işə girib. Uşaqlar dedilər ki, vəziyyəti yaxşıdır, özünə ev-eşik düzəldib, təzə maşın alıb. Amma buna doyunca sevinə bilmədik. Məlum oldu ki, o, yetim-yesirin haqqını yeməklə pul qazanır. Yaşının üstünə yaş gəlsə də, xasiyyəti dəyişməmişdi. İşlədiyi idarədə hamı onu rüşvətxor kimi tanıyırdı.

Onun pulu çoxaldıqca bizim aramızdakı məsafə də artırdı. Layiq olmadığı postu tutması Elçini ləyaqətli insanlardan uzaq saldı. O, daha heç kimin xeyrinə-şərinə yaramırdı. Onun haqqında danışanda uşaqlar belə deyirdilər: “Elçin özünü çəkib, dağ başına qoyub. Sanki orta məktəbə oxuyanda çalışmaları bizdən köçürən adam deyil”.

Qohumları sinif yoldaşlarının giley-güzarını ona çatdırsalar da, bu sözlərin hamısını qulaqardına vururdu.Uşaqlar deyirdilər ki, onun gözü puldan başqa heç nəyi görmür...

Səkkiz illik fasilədən sonra biz ötən həftə onunla yenidən görüşdük. Bu təşəbbüs Elçinin özündən gəldi. Qohumlarımın birindən telefonumu alıb, məni aradı: “Qardaş, uşaqları bir yerə topla, yeyib-içək”.

Dərhal da əlavə etdi: “Narahat olma, haqq-hesab mənlikdir”.

Onun dəyişmədiyinə bir daha əmin oldum...

Biz paytaxtın dəbdəbəli restoranlarının birində görüşdük. Bir qədər yeyib-içəndən sonra o, mətləb üstünə gəldi: “Qızım ali məktəb tələbəsidir. İndi ikinci kursda oxuyur. Yaxşı bir yerdən istəyəni var”.

Hamımız bir ağızdan dilləndik: “Allah xoşbəxt eləsin!”

Başi ilə razılıq etməklə kifayətləndi. Hiss etdim ki, sözlü adama oxşayır. İntusiyam məni aldatmamışdı. Ağzımı açmağa macal yapmamış özü dilləndi: “Oğlan evi bizimlə maraqlanıb. Kişi özü bir bəhanə ilə işlədiyim idarəyə gəlib. Kimdən mənim haqqımda soruşubsa, hamı deyib ki, əclaf adamdır”.

Onun kədərləndiyini ilk dəfəydi görürdük. Hamı baxışlarını mənə zilləmişdi. Onu təsəlli etməyə söz tapa bilmirdim. Qısa fasiləədn sonra söhbətinə davam etdi: “Üç gündür qızım üzümə baxmır. Deyir ki, ata, mənə sənin pulun yox, təmiz adın lazımdır”.

Əlimi onun çiyninə qoydum. Gözlərini gözümə zillədi: “Mənim haqqımda bir məqalə yaz”.

Təəccüblə soruşdum: “Nə yazım?”

Dərhal cavab verdim: “Yaz ki, ay ata-analar, pul üçün adınızı ləkələməyin...”

Elçinə söz verdiyim üçün bu sətirləri yazdım. Nəticə çıxarmaq isə hər kəsin öz öhdəsinə düşür...