Püşkatmayla seçilmiş dönərxanalar pulsuz təmir ediləcək - Foto

puskatmayla-secilmis-donerxanalar-pulsuz-temir-edilecek
Oxunma sayı: 2496

Qida Təhlükəsizliyi İnstitutunun nəzdində yaradılan “Süfrə” MMC-nin fəaliyyət istiqamətləri bəlli olub. 

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli məlumat verib. O bildirib ki, yeni yaradılan Cəmiyyətin əsas rolu ondan ibarətdir ki, qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələrin tətbiqi ilə məşğul olacaq:

“Həmin pilot layihələrdən biri kimi əvvəlcə kiçik ölçülü heyvan kəsimi məntəqələri yaradılacaq. Bunlar modul tipli kəsim məntəqələridir. İlkin olaraq agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir.

Digər pilot layihə isə ötən ilin ən populyar mövzulardan biri dönərxanalarla bağlıdır. Belə ki, bir çox hallarda kütləvi zəhərlənmələrə səbəb olan faktorlar elementar sanitar-gigiyenik rejimə əməl edilməməsindən irəli gəlir. Dönər hazırlayan şəxslər tez xarab olan məhsulları alan zaman saxlama rejiminə əməl etmirlər. Sonda da həmin məhsullar istehlakçılar üçün təhlükəli qida rasionu olur. 

Qoşqar Təhməzli əlavə edib ki, “Süfrə” MMC beynəlxalq standartlara cavab verən qida subyektlərinin pilot layihələrini həyata keçirəcək: 

“Bu pilot layihələrdən biri də minimum keyfiyyət göstəricilərini özündə əks etdirən dönərxanalardır. Biz minlərlə dönər fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlıq strukturlarına müraciət edəcəyik. Ölkənin bütün regionlarında dönərxanalardan püşkatma vasitəsilə seçimlər ediləcək və pilot layihə kimi həyata keçiriləcək. Püşkatma vasitəsilə seçilmiş dönərxanalarda bütün təmir, tikinti işləri, standartlaşdırmalar “Süfrə” MMC tərəfindən həyata keçiriləcək və ödənişsiz olaraq sahibkara veriləcək. Dönərxana təqribən 7 kv/m bir sahəni əhatə edəcək. 

Bütün bu işlər ödənişsiz, pulsuz olaraq həyata keçiriləcək. Modul dönərxanalar istifadəyə pulsuz veriləcək. Bunu deməkdə əsas məqsədimiz də odur ki, məsələdən narazı insanlar layihənin hansısa məqsədlər üçün icra olunduğunu qələmə verməsin”. 

Günel Hacı