Putin erməni səfiri 9 ay sonra qəbul etdi - Foto

putin-ermeni-sefiri-9-ay-sonra-qebul-etdi
Oxunma sayı: 3081

Rusiya Prezidenti Vladimir Putin bu gün 24 ölkənin yeni səfirini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Putinin qəbul etdiyi yeni səfirlər sırasında Ermənistan səfiri Vaqarşak Arutyunyan da olub.

V.Arutyunyanın 9 ay əvvəl Ermənistanın Moskvadakı səfiri təyin olunmasına baxmayaraq, Putin yeni səfiri yalnız bu gün qəbul edib.

Rusiya liderinin səfiri qəbul etməməsi bir müddət əvvəl Ermənistan mediasının da diqqətindən yayınmamışdı. Belə ki, “Hraparak” qəzeti bunun bir neçə səbəbinin ola biləcəyini qeyd etmişdi.

Qəzet yazıb ki, siyasi dairələrdə dövr edən versiyaya görə, Rusiya Prezidenti bununla Ermənistanın Baş naziri Nikol Paşinyana və yaxud səfirin özünə “xüsusi” münasibətini nümayiş etdirir. Bununla yanaşı, Rusiya siyasi dairələrinin sözügedən səfirdən böyük narazılıq duyduğu da vurğulanıb. 

Digər versiyaya görə isə, səfirin etimadnaməsinin təqdim edilməsi prosesi məhz İrəvan tərəfindən ləngidilib. Belə ki, Ermənistan hökuməti Vaqarşak Arutyunyanın xidmətindən razı qalmayıb və onun əvəzinə başqa namizəd axtarılıb.

“Ermənistanın Rusiyadakı səfirliyinin bəzi əməkdaşlarının sözlərinə görə, Vaqarşak Arutyunyan Moskvada baş tutan bir sıra qapalı görüşlərdə Nikol Paşinyanla heç bir əlaqəsi olmadığını, rusiyayönümlü olduğunu və Paşinyanın siyasəti ilə razı olmadığını dilə gətirib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, V.Arutyunyan yanvar ayında Ermənistanın Rusiyadakı yeni səfiri təyin olunub. O, 1999-2000-ci illərdə ölkənin müdafiə naziri vəzifəsini icra edib. 2020-ci ilin avqustunda Baş nazir Nikol Paşinyanın baş müşaviri təyin olunub. Arutyunyan 2020-ci ilin noyabrın sonunda yenidən müdafiə naziri postuna gətirilsə də, 2021-ci ilin iyulunda istefa verib.