Putin əsgər anaları əvəzinə məmurlarla görüşüb? - Fotolar

Putin əsgər anaları əvəzinə məmurlarla görüşüb?
Oxunma sayı: 4453

Rusiya Prezidenti Vladimir Putin noyabrın 25-i ölkədə qismən səfərbərliyə cəlb olunan şəxslərin anaları ilə görüş keçirib.

“Qafqazinfo” “Azadlıq” radiosunun Rusiya xidmətinə istinadən xəbər verir ki, Putinin 6 dəqiqəlik çıxışından sonra canlı yayım dayandırılıb. Daha sonradan isə ölkə mediasında görüşdən ayrı-ayrı fraqmentlər yayılıb. 

Sosial şəbəkələrdə görüşdə iştirak edən əsgər analarının kimliyi müzakirələrə səbəb olub. Belə ki, bir çoxları sözügedən qadınların əslində əsgər anaları olmadığını və dövlət məmurları olduğunu iddia ediblər. 

Bunun ardınca, “Mojem obyasnit” teleqram kanalı və “RTVI” telekanalı görüşdə iştirak edən bəzi qadınların kimliyini araşdırıb. Belə məlum olub ki, görüşdə iştirak edənlər arasında ölkənin hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasına keçmiş namizəd Yuliya Belexova, moskvalı məmur və “Vahid Rusiya” partiyasından deputat Olqa Beltseva, Orexovo-Zuevo İctimai Palatasının üzvü Marina Miqunova, Tuvanın Kaa-Xem rayonunun administrasiyasının ailə, gənclər və idman məsələləri şöbəsinin müdiri İrina Tas-oll və rejissor Olesya Şiqina olub. 

Bununla belə, sözügedən məmur qadınların Ukraynadakı döyüşlərdə oğullarının və yaxud qohumlarının iştirak etməsi ilə bağlı məlumat yoxdur.

Rusiya mediası isə görüşdə iştirak edən qadınları ümumilikdə səfərbərliyə cəlb edilənlərin anaları kimi təqdim edib.