“Putin NATO hərbi texnikasının üstünlüyünə şərait yaratdı”

putin-nato-herbi-texnikasinin-ustunluyune-serait-yaratdi
Oxunma sayı: 2715

“Ukraynada davam edən müharibə dəhşətli və faciəvi olduğu qədər müxtəlif silah növlərinin testdən keçirildiyi məkana çevrilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yazıb.

O, qeyd edib ki, Rusiya hərbi texnikasının işğalçı müharibədə hələ ki, öyünəcək tərəfi yoxdur, rusiyalı rəsmilərin və generalların “nöqtə atışları həyata keçiririk”, nağılına kimsə inanmır, yaşayış binalarını necə gəldi bombalayırlar: “Bunun nəyi “nöqtə atışıdır”? Türkiyənin “Bayraqdar”ları dördüncü məkandır ki, özünü müsbət tərəfdən göstərir. “Bayraqdar”lar İraq və Suriya ərazisində PKK terrorçularına zərbələr endirməklə yanaşı, Liviya, İkinci Qarabağ və Ukrayna müharibəsində şöhrətini artırdı. ABŞ və Böyük Britaniya da Ukraynaya ötürdüyü silahlar vasitəsilə hərbi texnikasını real döyüş şəraitində testdən keçirir. NATO-nun rəqibi Rusiyadır və Ukrayna müharibəsində ABŞ və Böyük Britaniyanın tank, hərbi təyyarə və helikopterlər əleyhinə raket sistemləri tam gücü ilə işləyirlər”.

Politoloq bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarının yanlış olduğuna bu aspektdən də yanaşmaq olar: “Kreml sahibi Ukrayna müharibəsində NATO ölkələrinin hərbi texnikasının üstünlüyünə şərait yaratdı. Misal üçün ABŞ-ın “Javelin” sistemləri Ukraynada Rusiyanın tanklarını məhv etməkdədir. Bu sistemi mənimsəmək üçün xüsusi təlimə də ehtiyac yoxdur, hədəfə tərəf tuşlayırsan, raket öz işini görür.

Bu arada, əsas suallardan biri budur: Rusiya ordusu nədən ağır irəliləyir, işğalı yekunlaşdıra bilmir?

Birincisi, Rusiya ordusunun logistika problemləri yaranıb. Ukrayna ordusu partizan müharibəsinə keçərək əks-hücumlarla Rusiya ordusuna hərb texnika, ərzaq və digər yardımçı texnika daşıyan kalonları zərərsizləşdirir. Nəticədə Rusiya ordusu istifadə etdiyi mərmi və güllə sarıdan, ərzaq çatışmazlığından əziyyət çəkir. Bunlar təmin olunmadan irəliləmək çətindir.

İkincisi, rusiyalı hərbçilərin motivasiyası zəifdir. Onlar başqa dövlətin ərazisində nəyin uğrunda savaşdıqlarını və ölümə getdiklərini anlamırlar, ona görə də sağ qalmaq üçün bir qismi təslim olur”.