Putin qəhrəman olmaq istəyir

putin-qehreman-olmaq-isteyir
Oxunma sayı: 1865




- Kremlin planları nədir?
- Gürcüstandakı 2008-ci ilin avqustunda baş verənlər təkrarlana bilərmi?
- Qərb iqtisadi təzyiqlərlə, təcridetmə tətbiqi ilə  kifayətlənəcəkmi?
- NATO Rusiyanın hərbi təzyiqinə hərbi təzyiqlə cavab verə bilərmi?

V. Putin Qərblə nə hərbi, nə də iqtisadi münaqişə istəmir-hər ikisindən əsaslı şəkildə qorxur. Kremldə V. Yanukoviçin geri qaytarılması barədə də düşüncə yoxdur.  Bəs Krıma müdaxilənin arxasında nə dayanır? V. Putin Krımı Ukraynadan qoparmağa çalışacaq. Çünki Ukrayna indi çətin günlərini yaşayır və çox zəifdir, ağır sənayesi Rusiya qazından qidalanır. Buna görə kəmfürsət Kreml Krımda provokasiya xarakterli addımlar atılır-dövlət, hökumət strukturları zəbt edilir, xalq özünüidarəetməsi həyata keçirilir (“Kiyevdə də belə oldu” deyirlər), rus əhalisinin könüllü drujinaları yaradılır. C. Osetiyada olduğu kimi provokasiyalarla qarşı tərəfi səhv buraxmağa təhrik edir və daha böyük qoşun kontingentini yeritmək üçün əsaslar axtarılır. Krımı hərbi nəzarətə götürəndən sonra V. Putin Gürcüstan (Abxaziya, Osetiya), Azərbaycan (Dağlıq Qarabağ), Moldova (Dnestryanı) üçün yaratdığı qandaldan birini də Ukrayna üçün yaradıb dayanmağı və bazarlığa başlamağı düşünür. Təbii ki, Kreml bu planı icra edən zaman istəyinə çatmaq üçün başqa ərazilərdə və başqa sferalarda da idarəolunan gərginliklər, daha böyük qorxular (nüvədən istifadə, dünya müharibəsi və s.), xoflar yaratmağa çalışacaq.

Qərb indi B. Obama və A. Merkelin timsalında iqtisadi təzyiqlər diskursuna üstünlük verir. Lakin iqtisadi təzyiqlər, təcridetmə siyasəti düzgün yol deyil. Bu nə Krımın Rusiyanın əlinə keçməsinin qarşısını ala, nə də ələ keçirilmiş Krımın geri qaytarılmasına əlac ola bilməz. Həm də uzaq və yaxın tarixə nəzər salanda belə siyasətin effekt vermədiyi aydın görünür (İran nümunəsi, SSRİ-nin 1918-ci ildən sonra 1935-ci ilə qədər blokadaya alınması və s.). Onu da nəzərə almaq lazımdır ki, Qərbin blokada siyasəti V. Putin üçün göydən düşmə olardı. O, az vaxt ərzində xalq qəhrəmanına, Rusiyanın xilaskarına çevrilər, RF-də yaşayan qeyri-rusların həyatını cəhənnəmə döndərər və şovunist ovqatı körükləyib ac, amma “mujik” Rusiyasında daha bir müddət hakimiyyətdə qalmasını təmin edərdi. 
Rusiyaya ilə hərbi güc dilində danışmaq lazımdır. Rada vaxt itirmədən “ölkənin ərazi bütövlüyünün təmin olunması” üçün NATO-nu Ukraynanın müdafiəsinə cəlb edə bilsə, NATO ölkələri Gürcüstanda buraxdıqları ciddi səhvi Ukraynada da buraxmasalar və vaxt itirməsələr, Krımı saxlamaq mümkün olacaq. Əks təqdirdə Rusiya Krımda hər gün bir iri addım qabağa gedəcək və az vaxtdan sonra hər şey gec olacaq. İndi seyrçi qalmaq çox təhlükəlidir. 

İkinci yol da var. Əgər Qərb virtual fəaliyyətdən əl çəkib Ukraynaya praktik yardım etməsə, bu zaman Ukrayna V. Kliçkonun dediyi kimi total səfərbərlik etməli və ölkənin ərazi bütövlüyünün müdafiəsinə qalxmalı, dünya tatarları (heç bir şirnikləndirici vədə aldanmadan Krım tatarlarının mövqeyindən çıxış etməlidirlər), o cümlədən Azərbaycan, Gürcüstan, Moldova Krımın müdafiəsinə qalxmalı, heç nədən çəkinmədən V. Putin planının qarşısında dayanmalıdır. Rusiya Krımı ələ keçirsə Dağlıq Qarabağ və ona bənzər problemlərin həlli də çətinləşəcək. Çünki belə məsələlərin həlli nümunələr azaldıqca asanlaşar, artdıqca çətinləşər.