Putindən Navalnının hazırladığı filmə reaksiya

putinden-navalninin-hazirladigi-filme-reaksiya
Oxunma sayı: 3431

Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının onun haqqında hazırladığı “Putin üçün saray” filmində bəhs etdiyi Gelencikdəki sarayın özünə və yaxınlarına aid olmadığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə “Tatyanin den” münasibətilə tələbələrlə keçirilən videokonfrans zamanı bildirib.

“Orada mənim mülküm olaraq göstərilən heç bir şey, nə mən, nə də yaxın qohumlarıma aiddir və heç vaxt olmayıb”,- deyə Putin qeyd edib.

Dövlət başçısı hesab edir ki, bloqqerin Gelencikdəki “saray” ilə bağlı şayiələri Rusiya vətəndaşlarının beynini yumaq məqsədi daşıyır: “Bu məlumatlar artıq 10 ildən çoxdur ki, dövriyyəyə buraxılıb. İndi isə əlverişli bir fürsət üçün hər şeyi bir yerə yığıblar və bütün bu materiallarla vətəndaşlarımızın beynini yumağa çalışırlar, internetə filmlər, video proqramlar buraxıblar”.

Putin videoda göstərilən bəzi insanları tanıdığını qeyd edib: “Onlardan kimsə mənim dostumdur, kimsə keçmiş həmkarımdır, kimlərsə uzaq qohumlarım. Orada adı çəkilənlərin arasında ümumiyyətlə tanımadığım insanlar da var. Ümumiyyətlə, onları heç vaxt gözümlə görməmişəm, tanımıram”.

Qeyd edək ki, rus müxalif bloqqer Aleksey Navalnı 19 yanvarda “Putin üçün saray” adlı araşdırma videosu yayımlayıb. Videoda Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılır. Araşdırmada iddia olunur ki, Qara Dənizin eksklüziv Gelencik buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar).