Putinin gözlənilməz təklifi Rusiyada nəyi dəyişəcək?

putinin-gozlenilmez-teklifi-rusiyada-neyi-deyisecek
Oxunma sayı: 2931

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisdə dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin Dumaya verilməsini təklif edib. Rusiya parlamentinin Baş Nazir, bütün Baş Nazir müavinləri və federal nazirlərin namizədliyini təsdiqləmək hüququ qazanacağı gözlənilir.

“Qafqazinfo”nun xəbərinə görə, politoloq Şahin Cəfərli Vladimir Putinin sözügedən təklifini şərh edərək bildirib ki, bununla Rusiya Prezident respublikası olaraq qalacaq, amma ölkənin idarəetmə sistemində qanunverici orqanın rolu gücləndiriləcək.

“Rusiya parlament-prezident üsul-idarəsinə keçir. Putinin bugünkü müraciətindən anlaşılan budur. Rusiya prezident respublikası olaraq qalır, amma ölkənin idarəetmə sistemində qanunverici orqanın rolu gücləndirilir. Bu məqsədlə Dövlət Duması və Federasiya Şurasının səlahiyyətləri artırılacaq. Hökuməti artıq prezident yox, parlament formalaşdıracaq, Baş Naziri də prezident təyin etməyəcək, parlament seçəcək.

ABŞ-da olduğu kimi, bir şəxs yalnız iki dəfə prezident ola biləcək. Yəni, 2 dəfə ardıcıl prezident vəzifəsini tutub, sonra növbəti müddət namizəd olmayıb, ondan sonra təkrar prezidentliyə namizəd olmağın önü kəsilir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin qanunvercilik prosesinə nəzarəti təmin ediləcək.

Bugünkü çıxışında Putin Dövlət Şurasının rolunun və statusunun Konstitusiyada təsbit olunması təklifi ilə çıxış etdi. Hazırda Şura konstitusion orqan deyil, prezident yanında məşvərətçi orqandır. Şuraya prezident sədrlik edir, Federasiya Şurasının sədri, Dövlət Dumasının sədri, ali vəzifəli şəxslər (ali icra orqanlarının rəhbərləri), Dumadakı fraksiyaların rəhbərləri, federasiya subyektlərinin başçıları Şuranın üzvləridir. Əgər Konstitusiya dəyişikliyi ilə bu orqan prezidentin tabeliyindən çıxarılaraq, səlahiyyətli və prezident üstü dövlət institutuna çevrilərsə, onda Nazarbayev modelinə oxşar şəkildə Putin Dövlət Şurasının sədri - həm icra, həm də qanunverici hakimiyyət qollarının fəaliyyətini əlaqələndirən, onlara rəhbərlik edən ali lider qismində Rusiya dövlət idarəçiliyi sistemində öz yerini ala bilər”, - deyə Ş. Cəfərli qeyd edib.