Rusiya Dövlət Duması Konstitusiyaya dəyişikliyi nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “İctimai təşkilatın bəzi məsələlərinin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” sənəd aşağı palataya təqdim edilib. Layihə Konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirən müddəaları inkişaf etdirməyə yönəlib.
Parlament qanun layihəsini qəbul etdikdən sonra ümumxalq səsverməsinə çıxarılacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Federal Məclisə müraciətində Konstitusiyaya yeddi düzəliş, eyni zamanda düzəlişlər paketinə görə səsvermə keçirilməsini təklif edib.
Putinin düzəlişlərə təklif etdiyi 7 dəyişikliyə bunlar daxildir:
Rusiya ərazisində Konstitusiya beynəlxalq hüquqdan üstün olmalıdır;
Dövlət Duması Baş Nazirin namizədliyini təsdiqləmək hüququ almalıdır (Prezidentin hələ də Baş Naziri vəzifəsindən azad etmək hüququ olacaq) və Dövlət Duması da Baş Nazir müavinləri və Federal Nazirlərin namizədlərini təsdiq edə biləcək;
Ölkənin təhlükəsizliyini təmin etmək üçün vacib mövqe tutan şəxslərin (nazirlər, hakimlər, bölgə rəhbərləri) xarici vətəndaşlığı, başqa ölkələrdə yaşamaq icazəsi olmamalıdır;
Prezidentliyə namizəd ən azı 25 il Rusiyada yaşamalı və xarici vətəndaşlığı olmamalıdır;
Federasiya Şurası Prezidentə federal hakimləri işdən çıxarmaq təklifini edə biləcək;
Bəzi hallarda Federasiya Şurası, Prezidentin təklifi ilə Konstitusiya və Ali Məhkəmələrin hakimlərini vəzifədən kənarlaşdırmaq hüququna sahibdir;
Hüquq- mühafizə orqanlarının rəhbərləri Federasiya Şurası ilə razılaşdırılaraq Prezident tərəfindən təyin edilməlidir.
Son xəbərlər
Son Xəbərlər