Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri Abbas Abbasov virtualaz.org-a müsahibə verib.
“Qafqazinfo” gündəlik saytımızda gedən həmin müsahibənin dördüncü hissəsini oxuculara təqdim:
IV hissə
-Amma öz kəskin müxalifətçi və üstəlik təxribatçı çıxışları ilə hakimiyyəti qıcıqlandıran Söyün Sadıqov sizinlə bir sırada idi axı. Onun seçkilər ərəfəsində prezidentə qarşı yönəlmiş çirkin bəyanatlarını yada salın!
-Söyün Sadıqov Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətini yaradıb. Bundan başqa, Heydər Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresini (ÜAK) yaradanda o, Rüstəm İbrahimbəyovdan və Söyün Sadıqovdan yeni strukturun formalaşmasında iştirak etməyi xahiş etmişdi. Söyün Sadıqovun təşkilatı - “AzerRos” ÜAK-nın təsisçilərindən biri idi.
Mən Söyün Sadıqovla cəmi 4 ildir tanışam. O vaxta qədər biz yaxın ünsiyyətdə olmamışdıq. Son görüşümüzdə prezidentə dedim ki, Söyün Sadıqov tamamilə normal adamdır, onunla işləmək olar və mümkündür. Mən onun diaspor cəmiyyətindəki imkanlarından istifadə etdim. Söyün Sadıqov axmaq deyil və iş qabiliyyəti olan adamdır. O, prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsidir və Rusiya Federasiyasının milli siyasət strukturlarında azərbaycanlıları təmsil edir. Ancaq o getdi, görünür, bu strukturda başqa adam olacaq.
-Bəlkə Söyün Sadıqovun yerini siz tutacaqsınız?
-Mən Rusiya vətəndaşı deyiləm. Və bu, mənə lazım də deyil ki, onun yerini tutum. Sizə səmimi etiraf edirəm. Başa düşürsünüz, Söyün Sadıqovu bu vəziyyətə gətirdilər. Ondan düşmən düzəltməyə başladılar. Azərbaycanda bir şəxs bildirdi ki, Sadıqovun başından yaxşı xaş çıxar. Axı bu, nə ifadədir, bu nə münasibətdir? Müxtəlif əhvalatlar uydurmağa başladılar, guya o nə vaxtsa Heydər Əliyevə qarşı çıxıb. Mənim onunla bu barədə çox ətraflı söhbətim oldu. Söyün Sadıqov səmimi şəkildə mənə dedi ki, Abbas Aydınoviç, Heydər Əliyev həmişə mənim üçün ümummilli lider olub və belə də qalır.
Moskvada Heydər Əliyevə heykəl qoydular. Və Söyün Sadıqov təşkilatçılara etiraz etdi. Dedi siz niyə bunu müvafiq hazırlıq aparmadan edirsiniz, bəyəm Heydər Əliyev belə münasibətə layiqdirmi. Heydər Əliyevin Moskvada heykəlinin qoyulması təşəbbüsü erməni diasporunun, bir çox antiazərbaycan, antiəliyev qüvvələrinin sərt müqaviməti ilə qarşılaşdı. Sonra bunu mətbuatda belə təqdim etdilər ki, guya Söyün Sadıqov Heydər Əliyevin heykəlinin qoyulmasına etiraz edib. Ona zəng edin və özündən soruşun. Bu əhvalatın bütün detallarını sizə danışacaq.
Başa düşün, əgər mən hiss etsəm ki kimsə Heydər Əliyevə qarşıdır, o adam heç vaxt mənimlə bir sırada dayana bilməz, üstəlik onu ciddi problemləri meydana çıxar. İlham Əliyevin mənə münasibəti yaxşıdır, yaxud pisdir, bu, məni maraqlandırmır. Ancaq Heydər Əliyev mənim kumirimdir. Heydər Əliyev təkcə Əliyevlər ailəsinə aid deyil, o, bütün Azərbaycan xalqının nailiyyətidir. Mən Heydər Əliyevi onun yaxınlarından, qohumlarından və əzizlərindən az tanıyıb qiymətləndirmirdim.
-Vladimir Putinlə sonuncu dəfə nə vaxt görüşmüşünüz?
-Mən Vladimir Vladimiroviçlə 2012-ci il, fevralın 7-də görüşmüşəm. O, özü məni dəvət etdi və birbaşa sual verdi: azərbaycanlılar Rusiyadakı prezident seçkilərinə niyə öz münasibətini bildirmir? Putinlə görüşməzdən əvvəl Ramiz Ənvəroviç Mehdiyevə zəng etdim və ona xəbər verdim ki, Rusiya prezidenti məni görüşə dəvət edib. Və sözün hərfi mənasında bunları dedim: “Ramiz Ənvəroviç, mən sizə ona görə zəng etmişəm ki, xeyir-dua alım və Azərbaycan prezidentinin istəklərini eşidim”.
Mən bunu niyə elədim? Çünki hiss etdim ki, kimsə bunu prezidentə başqa cür təqdim edə bilər.
Ramiz Ənvəroviç mənə dedi ki, heç bir istək yoxdur. Sonra yenə zəng elədim və yenidən soruşdum, yenə eyni cavabı aldım. Və mən görüşə yollandım. Biz Putinlə Rusiyadakı qarşıdakı seçkiləri, azərbaycanlıların seçkiqabağı vəziyyətə münasibətini və ümumən seçkiqabağı vəziyyəti müzakirə etdik. Yeri gəlmişkən, Putin bir neçə dəqiqə Heydər Əliyev haqda danışdı. O, Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır, oğulun atanın xatirəsinə hörmətlə yanaşdığı kimi. Putin heç vaxt bunu gizlətmir və həmişə bu haqda açıq danışır. Mən öz növbəmdə ona dedim ki, azərbaycanlılar öz iradələrini ifadə etməkdə möhkəmdir və öz namizədlərini - Vladimir Putini dəstəkləyirlər.
Bu görüşdən sonra mən müvafiq tapşırıq verdim və 14 gün ərzində biz azərbaycanlıların Moskvadakı Lujniki stadionunda təntənəli seçkiqabağı mitinqini təşkil etdik. Mitinqdə 10 mindən çox həmvətənimiz iştirak etdi. Bu mitinqə səfir Polad Bülbüloğlunu da dəvət etdim, ancaq o, mitinqdə iştirakdan imtina etdi. Tədbirin başlamasına bir neçə saat qalmış mən Məmməd Əliyevə (ÜAK-ın rəhbəri) bir daha zəng etdim, ancaq o da mitinqdə iştirakdan imtina etdi. Çox istəyirdim ki, Polad Bülbüloğlu orada çıxış etsin, axı orada bizim on minlərlə həmvətənimiz Putini dəstəkləmək üçün toplaşmışdı. Ancaq heç kim gəlmədi. Bu situasiyada nə etməli idim? Ancaq konsert keçirməli idim?! Çıxışsız? 15 il Azərbaycanın baş nazirinin birinci müavini olmuşam. Bəyəm mənim haqqım yoxdur ki, Rusiyada yaşayan azərbaycanlıların adından çıxış edim? Mən çıxış etdim. Baxın mənim çıxışıma...
-Mən bu çıxışa baxmışam, YouTube-də var...
-Baxmısınız. Onda mənə deyin ki, orada pis nə demişəm? Mən Putinlə İlham Əliyevin qarşılıqlı münasibətlərindən danışmışam, Rusiya-Azərbaycan münasibətlərinin qurulmasından bəhs etmişəm. Və siz necə fikirləşirsiniz? Bu aksiyanı Bakıda süngü ilə qarşıladılar. Heç bir Azərbaycan KİV-ində bu mitinqin təşkilatçısı və keçirilməsinin məqsədi barədə informasiya getmədi. Yenidən mənə çirkab atmağa başladılar. Baxmayaraq ki, mən Rusiyadan, habelə Qərbi Avropada, Fransada yaşayan azərbaycanlılardan bu cür aksiyanı təşkil etdiyimə görə çoxlu dəstək zəngləri aldım. Rusiya telekanalları bir həftə ərzində bu aksiyanı göstərdilər, mənim Rusiya prezidentinə dəstək nitqimi verdilər.
-Yəni siz hesab edirsiniz ki, Vladimir Putinlə görüşdən və bu aksiyanın keçirilməsindən sonra Bakıda bir çoxları sizə şübhə və qısqanclıqla yanaşmağa başladılar? Öz qənaətimdə yanılmıram ki?
-Bunu bilmirəm. Bununla belə prezident İlham Əliyevin tərəfindən özümə qarşı heç bir neqativ münasibət hiss etmədim. Ancaq müəyyən qüvvələr var ki, məni düşmən kimi təqdim etməyə çalışırlar. Nə etməliyəm, baş əyməliyəm?
Min dəfə təkrar etmişəm ki, siyasi ambisiyaların yoxdur, seçkilərdə və ya hakimiyyət uğrunda mübarizədə iştirak etmək istəmirəm. Yaxud ANS-də mənim erməni diasporu ilə görüşüm haqda xəbər vermişdilər. Dərhal Mirşahinə zəng etdim və dedim ki, bu informasiya tərtəmiz təxribatdır. Prezidentin sanksiyası olmadan mən bu cür görüşlərdə iştirak edə və üstəlik çıxış edə bilmərəm.
-Ancaq razılaşın ki, Rusiya hakimiyyəti, konkret olaraq Putin sizin personanıza çox isti yanaşır. Putin sizə çox isti təbrik teleqramları və məktublar göndərir. Rusiya siyasi rəhbərliyinin Abbas Abbasovun personasına bu cür isti münasibəti nədən qaynaqlanır?
-Axı siz ağıllı adamlarsınız... Rusiyada o qədər icma və diaspor təşkilatı var, doğrudanmı hesab edirsiniz ki, Vladimir Vladimiroviç bu cür təbrikləri ancaq mənə göndərir?! Rusiya prezidenti bütün federal muxtariyyətlərin, diaspor təşkilatlarının rəhbərlərinə hörmətlə yanaşır. Heç kimi diqqətdən kənarda qoymur. Bu ki protokoldur!
Mən sizə sual verirəm: niyə bizim hörmətli prezidentimiz İlham Əliyev də bizə, diaspor təşkilatlarının rəhbərlərinə təbrik teleqramları və məktubları göndərmir? Başqa ölkələrdəki diaspor rəhbərlərinə belə təbriklərin göndərildiyini deyə bilmərəm, ancaq Rusiyaya belə teleqramlar gəlmir. Qara piar və zərbədən başqa Azərbaycandan heç nə almıram.
Görünür, Azərbaycanda mənim xidmətlərim haqda tez unudublar. 1993-cü ildə “Qusar hadisələri”nin qızğın vaxtında Heydər Əliyev məni situasiyanı lokallaşdırmaq üçün Qusara göndərdi. Və mən böyük və aqressiv separatçı kütləyə qarşı tək dayandım. Onlar mənə şüşələr atdılar, hücum etdilər. Ancaq qorxmadım, çünki Heydər Əliyevin simasında özümə güclü dayaq hiss edirdim. İndi nə qədər iddialı alınsa da o vaxt ölümdən qorxmurdum. Çünki öz vətənim uğrunda ölmək, ancaq onun bütövlüyünü xilas etmək mənim şüurlu seçimim idi.
İndi isə təsəvvür edin, Azərbaycanda bir çox quldurlar məni və ailəmi ölümlə hədələyir. Ancaq mən qorxmuram, çünki çoxlu yetirmələrim, nəvələrim və oğullarım mənimlədir. İlham Əliyevlə niyə görüşmək istəyirdim? İstəyirdim ona deyim ki, qardaş, əzizim, millətimin və dövlətimin lideri, məni bu quldurlardan qoru. Axı mən də onların səviyyəsinə düşə və onların ailə üzvlərini, uşaqlarını hədələyə bilmərəm! Və prezident məni qəbul etmədiyinə görə çox pərt oldum. Mən dərin inciklik hissi ilə qayıtdım. Çünki bu adamlara ümid edirdim.
-Abbas Aydınoviç, 2005-ci ildə istefaya getdiyiniz üçün təəssüflənmirsiniz ki? Bəlkə heç bu təhdidlər, problemlər də yaranmazdı?
-Mən içimdən gələn səsə qulaq asdım. Hisslərim mənə dedi ki, getmək və fəaliyyət sferasını dəyişmək lazımdır, bizneslə məşğul olmaq lazımdır. Bu gün ailəm və uşaqlarım üçün pul qazana bilirəm və heç nəyə ehtiyacım yoxdur. Üstəlik “AzerRos”u və digər strukturları maliyyələşdirirəm. Azərbaycanlıları dəstəkləyirəm. Hər gün ehtiyacı olan 10-15 azərbaycanlını qəbul edirəm.
Tələbələrə, imkansızlara, işsizlərə, bütün həmvətənlərimizə kömək edirəm. Elə bu gün hökumət nümayəndələri ilə bizim miqrantlarımızın problemi barədə məsləhətləşmələr apardım. Rusiyaya qazanc dalınca gələn minlərlə azərbaycanlıya kömək etməyə çalışıram ki, onları sıxışdırılmaqdan, ədalətsizlikdən və özbaşınalıqdan qoruyum. Və təkrar edirəm: heç kim məni sındıra bilməz. Qoy bunu birdəfəlik yadda saxlasınlar. Qoy hərdən Heydər Əliyevin çıxışından mənim haqqımda bəhs edən sətirləri oxusunlar. Axı orada mənim şəxsiyyətimə başqa qiymət var idi.
-Moskvadakı biznesiniz nə dərəcədə böyükdür? İqtisadiyyatın hansı sferasındadır?
-Ailəmi saxlamağa və heç bir problem hiss etməməyə bəs edir. Və azərbaycanlılara da kömək etmək imkanı var. Əlbəttə, mən bəzi azərbaycanlı oliqarxlar kimi “Forbes”in siyahısında yoxam, təyyarələrim, yaxtalarım, zavod və fabriklərim, villalarım yoxdur. Mənim Azərbaycanda da biznesim yoxdur.