Afət xanım ədəbiyyat müəllimi olub. Oxuduqları haqda fikir mübadiləsi aparmaqdan qətiyyən yorulmur. Deyərdim ki, bunu çox sevir. Vaxtının az olmasına baxmayaraq hər gün mütaliə edir. Yeni kitab tapmayanda oxuduqlarını təkrar oxuyur. Onunla həmsöhbət olmaq çox xoşdur...
Dedim axı, Afət xanım ədəbiyyat müəllimi olub. Bu, həm də o deməkdir ki, nə qədər şagirdi maarifləndirib, onlara tələbə adını qazandırıb. Deyir, hazırda həmin tələbələrindən yüksək vəzifədə çalışanlar var.
Afət xanım, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq onları narahat etmir. Müəllim adını ölənədək uca tutacağını deyir...
Nə vaxtsa maddi ehtiyac onu o həddə çatdırıb ki, cənab Mabef kimi kitablarını satmalı olub. Sonra evinin əşyalarını çörəkpulu edib. Kasıblığın əzabını yaşayıb. Amma heç vaxt haram tikə yeməyib...
“Bir dəfə bir evdə xəstə baxıcısı işləyirdim. Ev sahibinin mötəbər qonaqları gəlmişdi. Onlardan birinə vaxtilə dərs demişdim. Görən kimi tanıdım. Yaxşı ki, o, məni tanımadı. Sarsılmışdım. Ev sahibinə dedim ki, özümü pis hiss edirəm, icazə verin, gedim. Və qapıdan elə çıxdım ki, həmin şagirdim məni görmədi”-Afət xanım deyir.
Əri dünyasını dəyişəndən sonra o, müəllimliklə ailə saxlamağın çətin olduğunu görüb fiziki qüvvəsi hesabına çörəkpulu qazanır. Yataq xəstələrinə qulluq edir, dayəliklə, təmizlik işləri ilə məşğul olur. Hazırda imkanlı bir adamın evində təmizlik işləri görərək pul qazanır. Heç kimə ağız açmır, əxlaqsızlıqla məşğul olmur, öz zəhməti hesabına ailəsini saxlayır.
Bugünlərdə bir müğənni qadın həmkarını qabyuyana oxşatmışdı. Həmkarı isə qayıdıb demişdi ki, evində onun kimi neçə qabyuyanı, süpürgəçisi, paltar ütüləyəni var.
Afət müəlliməni xatırladım. Fədakar, cəfakeş, zəhmətkeş Afət müəllimə... Bəlkə də mütaliə etmədiyi kitab qalmayıb.
Axırıncı dəfə onunla ədəbiyyatda İsa Məsihin ştrixlərini gördüyümüz obrazlardan-Yepiskop Mirieldən, Jan Valjandan, Sergi atadan, Don Kixotdan, Qorio atadan, Knyaz Mışkindən, Sonyanın sayəsində daxilən saflaşan Raskolnikovdan və s. danışmışdıq.
Darıxdım.
Zəng elədim.
Pəncərə sildiyini dedi...
Son xəbərlər
Son Xəbərlər