Qadın alma yeməsə nə baş verər? Qanının tərkibində dəmir azlığı müşahidə olunar. Dəmir azlığından övladı beyindaxili təzyiqlə doğular. Belə uşaq gecələr yatmaz, əsəbləri korlanar. Valideynlər hər gecə uşağı yatırtmaq üçün sakit röyalarına haram qatarlar. Sonra valideynlər növbə əsasında uşağa baxmağı qərara alarlar.
- Saat 12-dən 3-ə kimi mən, qalanı sən.
- Yox, saat 12-dən 3-ə kimi sən, qalanı mən.
- Niyə?
- Çünki sən qadınsan, evdə qalırsan, mən isə səhəri dirigözlü aça bilmərəm.
- Cəhənnəm ol.
- Cəhənnəmə özün get, ifritə.
Beləliklə, dava düşər, bu günə qədər mövcud olan pərdə götürülər. “Səni sevirəm” kəlmələrinin üstündən xətt çəkilər, münasibətlər soyuyar, dünənə qədər evin divarında əks-səda yaradan “dovşanım”, “tontonum” sözlərindən əsər-əlamət qalmaz.
Nəhayət, ər və arvad uşağın gecə yatışına dair gündəlik qrafikdə razılaşarlar. Beyindaxili təzyiqlə doğulan uşağın müalicəsi üçün ana onu tez-tez həkimə aparar. Ata müdirdən xahiş edər ki, məvacibini artırsın, çünki uşağın müalicəsinə görə bahalı dərmanlar tələb olunur. Müdir razılaşmaz, işçinin öz rəhbərinə kini artar, əmək qabiliyyəti aşağı düşər, hətta digər əməkdaşlarda da həvəsi söndürər. Digər əməkdaşlar düşünər ki, başqasının uşağının dərmanlarına görə məvacibi artırmayan müdir sabah onun da başına eyni oyunu açar. Müdirin barəsində söz-söhbət yayar, onun işdən çıxarılması üçün gecə-gündüz dua edər. Müdir qəsdən onun məvacibini qaldırmayıb, digər əməkdaşlara dərs keçər: “mənimlə ultimativ dillə danışmaq olmaz”.
- Çörəyi dizin üstündə olanlar, buranın müdiri mənəm. Ərizənizi alıb iti qovan kimi qovaram.
Ana isə bahalı dərmanların alınmasını gözləyər. Həkim onları tələsdirib deyər ki, vaxtında edilməyən müalicənin sonrakı fəsadı ağır olacaq. Ata başqa yola əl atmaqdan qorxar, uşaq beyindaxili təzyiqlə yeniyetməlik çağına qədəm basar. Uşağına görə valideynlər arasında soyuqluq gündən-günə çoxalar.
- Sən ata yox, qatilsən.
- Bəlkə gedib yol kəsəcəkdim, oğurluq edəcəkdim, ifritə.
Uşaq isə əsəbi böyüyər və gözlərində problem yaranar. Məktəbdə uşaqlar onu dolayar, oğlanlar ilk sevgi məktubları yazmazlar. Qəşəng qızlar onunla rəfiqəlik edərlər ki, oğlanlar ona baxmasınlar. Müəllimlərin ona yazığı gələr, alababat öyrəndiyi fənlərə görə kəsməz, sinifdən-sinfə başlarını bulamaqla yola salarlar.
- Onsuz da bədbəxtdir, qiymət yazaq getsin.
- Hə, yazıqdır.
Neçə il keçər. Beyindaxili təzyiqlə doğulan qıza elçi gələr. Qız ərə gedər. Ər evi hər gün başına qaxınc edər ki, “sən xəstəsən, gözlərin də əyridir, yəqin səni seçəndə oğlumuzun gözü kor imiş”. Oğlan da get-gedə həyat yoldaşından iyrənər, yanına salıb toya-düyünə, dost məclislərinə aparmaqdan utanar. Təzə gəlində hər şeyə nifrət yaranar. O da vaxtında etmədikləri müalicəyə görə valideynlərini top atəşinə tutar. Valideynlər xəcalət çəkər, tez-tez oğlan evinə baş çəkib kürəkənin könlünü almağa çalışar, ona yalataqlanarlar.
- Ay bizim dirəyimiz, qızımızın tacı.
- Sən mənə oğul yerindəsən, nə istəsən qaynatan qulluğundadır.
Kürəkən də özünü dağ başına qoyar, kefi istəyəndə arvadını döyər, kefi istəyəndə itin sözünü deyər, kefi istəyəndə xəyanət edər, qadınların mesajları ilə dolu telefonu göstərib yandı-yandı verər. Beyindaxili təzyiqlə doğulan gəlin isə dərd əlindən xəstələnər, ayrılmaq istəyinə valideynlərindən təpki gələr.
- Qızım, bir az da döz, qaynatan-qaynanan dünyanı tutub gedəsi deyillər ha. Onlar öləndən sonra ərinin çarxı dönəcək, sənə qarşı dəyişəcək.
- Bala, sən gəl ata sözünə qulaq as, ayrılsan gəlib oturassan evdə, adına əlli söz qoşacaqlar, həm də xəstəsən, səni kim alacaq?
Və beləcə, illər keçir. Hər şey dəyişir. Hər şey arxada qalır. Amma pis xatirələrlə yadda qalır. Bütün bunların səbəbi o idi ki, qadın alma yeməmişdi.