“Qadın azadlığın, inkişafın, gözəlliyin, sevginin, ədalətin və barışın simvoludur!”

qadin-azadligin-inkisafin-gozelliyin-sevginin-edaletin-ve-barisin-simvoludur
Oxunma sayı: 1209


“Qafqazinfo” çıxışı oxuculara təqdim edir:

Könül Quliyeva iştirakçıları salamlayaraq, qadınlar adından bu bayram tədbirini onlara hədiyyə edən, təşkilində əziyyət çəkən hər kəsə, göstərdikləri diqqətə görə və qiymətli zamanını bu bayram tədbirində iştiraka həsr etdiyi üçün hər kəsə öz dərin təşəkkürünü bildirdi. Hər il partiyanın 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir hazırlamasını və bunun artıq bir ənənəyə çevrilməsini çox müsbət qiymətləndirdi. Təbrik üçün partiyanın qadınlar siyasətinin nümayəndəsinə də sözün verilməsindən məmnunluq ifadə edərək, bunun qadınların partiya və cəmiyyət qarşısında olan məsuliyyətini daha da artırmağa xidmət etdiyini söylədi. “ Beynəlxalq Qadınlar günü münasibətilə burada əyləşən dəyərli xanımlarımızı və sizlərin timsalında bütün Azərbaycan qadınlarını, ana-bacılarımızı təbrik etmək imkanım olduğu üçün çox xoşbəxtəm və hər birinizi səmimi qəlbdən təbrik edirəm. Bu bayram günündə xatırlatmağı, yad etməyi özümə borc bildiyim bir məsələdə var. Partiyamızın qadınlar təşkilatının sədri olmuş, 5 il öncə dünyasını dəyişmiş Əminə xanıma və burada əyləşən hər kəsin dünyasını dəyişmiş doğmaları olan qadınlara Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirəm”

Daha sonra Könül xanım çıxışında qeyd etdi ki: “ Azərbaycan qadınları əsrlər boyu kişilərin başının tacı olub. Atalar qızlarını, oğullar ana bacılarını, ərlər öz xanımlarını göz bəbəyi kimi qoruyan bir millətin övladları olduğumuz üçün çox xoşbəxtik. Allah öz mərhəmətini, bərəkətini bizdən əsirgəməsin! Dəyərimizi, gözəlliyimizi, ağlımızı və şəfqətimizi əskik etməsin! Üzümüzdən gülüşü, təbəssümü, qəlbimizdən sevgini yox etməsin! Qadın doğulmağımızla qürur duyaraq yaşamaq nəsibimiz olsun! ”

O, qadınların qarşısında söz deməyin çox çətin, lakin şərəfli olduğunu qeyd etdi: “Hər il 8 mart gələndə düşünürəm ki, görəsən bizim cəmiyyət qadınların nə qədər həlledici gücə malik olduğunu anlayırmı? Qadın cəmiyyətdə azadlığın, inkişafın, gözəlliyin, sevginin, ədalətin və barışın simvoludur! Qadın ailənin əsas dayağı, hüzurun, bərəkətin və nizamın əsasıdır! Dinimiz qadın ucalığını, ana müqəddəsliyini, mükəmməlliyini hər şeydən üstün tutaraq bizə istiqamət vermirmi? Min illərdir əxlaqımızın, mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısı, qoruyub saxlayanı analar deyilmi? ” Könül xanım, böyük öndər Mustafa Kamal Atatürkün: “ Yer üzündə gördüyünüz nə varsa hamısı qadının əsəridir”

fikrini xatirladaraq vurğuladı ki, cəmiyyətin problemlərinin ağırlığı həmişə daha çox biz qadınların, anaların çiyinlərində olub. Odur ki, hər an qadınların qayğıya, sevgiyə, hörmətə ehtiyacı var. Hətta, ən kiçik xoş olmayan mənfi münasibət belə qadın qəlbində silinməyən iz salır. Mən istərdim ki, kişilər həm evlərində, həm də cəmiyyətdə təkcə martın 8-də deyil, hər gün qadınlara qarşı diqqətli olsunlar. Bunları deməklə o fikirdə deyiləm ki, bizim kişilərin qadınlara qarşı münasibəti bizi qane etmir. Amma, sizlər də qəbul edərsiniz ki, cəmiyyətimizdə qadınlara qarşı münasibətin tamamilə qaydasında olduğunu demək də mümkün deyil. Təəssüf ki, yaşadığımız dövrdə qadınlarımız layiq olduqları qədər xoşbəxt deyillər.

O, sonda qeyd etdi ki, fərdi maraqların minlərlə meydanı var, kollektiv siyasi marağın tək meydanı siyasi partiyalardır. Hər birimiz ictimai-siyasi proseslərdə aktiv olmalıyıq. İnsan hara getdiyini bilməsə çox irəli gedə bilməz! Nə qədər ki, kişilər xanımlarını, qadınlar həyat yoldaşlarını, analar övladlarını demokratik prosesdən kənarda saxlamağa cəhd edəcəklər, biz arzuladığımız, azad, firavan bir cəmiyyəti qura bilməyəcəyik. Nə kişi, nə də qadın bu ölkədə ləyaqətlə, qürurla yaşaya bilməyəcək. Mən bütün ləyaqətli, dəyərli, mübariz qadınların qarşısında baş əyir və bir daha təbrik edirəm!