“ Bir kişi öz qadınını günahlandırırsa, qadın öz günahsızlığını sübut etməlidir. Bu qanundur. Ancaq bir qadın öz ərini günahlandırırsa o zaman qadın ərinin günahkar olduğunu sübut etməlidir. Fərqi anlayırsan? - Hə, aydındır. Bütün qadınlar günahkar, kişilər isə günahsızdır.” Dialoq sonuncu dəfə baxdığım “Sorayanı daşlamaq” adlı ekran əsərindən idi. Bəli, ekran əsəri, elə bilə kino yox. Elə filmin tək bu sözləri günümüzdə də təzəliyini qoruyur.
Heç kəs demir ki, xəyanət normadır, gəlin başlayaq Avropanın “azadlıq” donunu geyinək. Kim nə istəsə, buyursun. Onsuzda Avropanın donu bizə yaramaz, əynimizə gen-bol olar. Əlbət xəyənətkarın da bir cəzası olmalıdı deyirsinizsə, beləsindən əsla olmaz.
“Sorayanı daşlamaq”-dəhşətli filmdir. Bu bir ssenarist təxəyyülünün məhsulu deyil, 1986-cı il İranda baş vermiş real hadisələri canlandırır. Və nə yaxşı ki, bu hadisəni təsadüfən fransız əsilli iranlı jurnalist Firidun Şahebjan zamanında qələmə alır və bunu eyni adlı romana çevirir. 1994-cü ildə bu roman ingiliscədə(“The stonning of Soraya”) dünyada səs-soraq salır. ABŞ-da iranlı rejissor Sirus Novrestehin çəkdiyi film 2009-da ekrana çıxır, “Oskar” nominantı olur, amma başqa mükafatlar alır.
Gələk, dəhşət saçan filmə və olmuş hadisəyə. İran əyalətinin birində Qurban Əli adlı kişi 4 uşağı olan 35 yaşlı arvadını boşayıb, 14 yaşlı qız almaq istəyir. Orada çoxarvadlılıq hökm sürsə də, o arvadı Sorayayı təkidlə boşamaq istəyir. Soraya isə boşanmır, O ailəni keçindirmək üçün arvadı ölmüş Həmzənin evində işə düzəlir. Onların ev işlərini görür, xalası Zəhranın mənəvi dəstəyini alır. Qurban hey Sorayanı boşamaq üçün iftiraya əl atır, onu Həmzə ilə bir yerdə tutduğunu deyir. Çirkin yalanını kəndə yayır, kəndxuda və molla ilə Həmzənin ailəsini təhdid etməklə onu da bu iftiraya ortaq edirlər. Sorayanın iftira qurbanı olması üçün yalnız iki şahid lazım olur, vəssəlam. Onun ölümünə imza atırlar. Xalasının müdafiəsinə baxmayaraq, Soraya kəfənini geyinir, torpağa qurşağa qədər basdırılır. Qadın daşlanmaq üsulu ilə ölümə məhkum edilir. Əvvəlcə atası, sonra sadist əri, oğlanları, ardınca kənd kişiləri bədbəxt qadını ölənədək daşlayırlar. Ən ağrılısı odur ki, “namus keşikçiləri” hər daşı seçəndə və qurbana atanda “Allahu əkbər” deyirlər. Real hadisədəki kimi filmdə də Sorayanın qana boyanmış nəşi torpağa belə verilmir, itlər onu parça-parça edirlər. Dəhşətdir, bu qədər insan beyni eyni zamanda ölümdən zövq alarmı??? Adətən filmə baxanda gərgin səhnələrdə sıxılmamaq üçün özümüzə təsəlli veririk ki, onsuzda kinodur. Amma söhbəti gedən tragik ekran əsərində Sorayanın dəhşət saçan qətl səhnəsi həqiqət olduğundan tamaşaçının əsəbləri gərilir.
İranlı kinorejissorun bu səs-soraq salan filmini yerliləri nə qədər tənqid atəşinə tutsa da, fakt faktdır. Konkret filmin məqsədi elə İran möhürlü islamın nöqsanlarını göstərmək olub. Hər nə olubsa, bu bir islam dövlətində adını insan qoyan, amma canavarların vəhşiliyinin nümunəsidir. Sonradan günahsız olduğu aşkar olan bir qadını belə qəddarlıqla öldürmək üçün insan nə etməliymiş, görəsən? Bir kişinin iyrənc ehtirasının qurbanına çevrilən qadını başqa cür uzaqlaşdırmaq olmazdımı? Gərək şəriət adı altında yığılmış məqsədli, mənfur ənənələr tətbiq olunmalıydımı? Güya başqa qadınlara görk olsun deyə, insanı, günahsız ananı belə vəhşiliklə öldürməyə kim haqq verə bilər ki? Söz yox indiki İranda qadınların hüquqları çox gözəl qorunur. Amma tək bu hadisənin məkanı və nümunəsi olduğu üçün İran Qərbin qəzəbinə tuş gəlməyə bilməz. Qəzəb nə qəzəb. Məsələ ondadır ki, islamdan kənar uydurulan şəriət ənənəsi - daşqalaq bəzi islam ölkələrində davam edir. Misal üçün, bir neçə il əvvəl Pakistanda ailəsinin istədiyi yox, başqası ilə evlənən hamilə qadın qardaşları və atasının vurduğu kərpic zərbələrindən ölmüşdü.
Deyəcəyim odur ki, islam ölkələri özləri bu dinin pərdəsi altında az vəhşiliklər törətməyib. Dünyaya da elə bu lazımdı. İnsanları islam dinindən uzaqlaşdırmaq üçün belə hadisələri yaymaq, islamın əslini gizlədib, insanlara qondarmasını təqdim etmık kifayətdir. Bu gün bu məsələnin çox acı nəticələrini görürük. Düşüncəmizə təcavüz edənlər yenə qadınları daşlayırlar, baş kəsirlər, insan doğrayırlar. İslam dini ilə yaxından uazaqdan əlaqəsi olmayanların əməllərinin hesabını isə saysız müsəlman ödəyir.
Və yenə başa qayıdıram. Səbəbsiz arvadının ölümünü arzulayan kişilər. Günümüzdə öz xəyanətinə haqq qazndıran, halalca arvadına ləkə yaxan kişi azmıdır ki? Deyin görək, Sorayaları niyə qoruya bilmirik???