“Qafqazinfo” xəbər verir ki, Ümid Partiyası Ailə Qadın və Uşaq məsələləri üzrə şöbənin rəhbəri Səidə Bahdurqızı partiyanın mətbuat xidmətinə şöbənin fəaliyyəti, qarşıda duran vəzifələr, qadınların ictimai-siyasi həyatda rolu ilə bağlı danışıb. Onun dediklərini oxuculara təqdim edirik.
Hazırda hansı istiqamətdə fəlaiyyət göstərir və nələri planlaşdırırsınız? Qadınlar təşkilatının növbəti Konfransına hazırlıqlar nə yerdədir?
* Qeyd olunduğu kimi Ümid Partiyasının Qadınlar Təşkilatı növbədənkənar konfransa hazırlaşır. Konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və konfransa hazırlıqla bağlı ciddi iş aparılır. Partiya sıralarına yeni qadınların cəlb olunması, sıralarımızın genişləndirilməsi, qadınların aktiv ictimai-siyasi fəaliyyətə qoşulması məqsədilə bütün rayon şöbələrinə səfərlərimiz olur və görüşlər keçiririk. Əsas hədəfimizdən biri də Azərbaycanda mövcud olan qadın problemlərinin araşdırılması və həllinə çalışmaqdır. Həssas kontingentimizə qaçqın və köçkün həyatı yaşayan qadınlar da daxildir. Görüşlərdə ölkəmizdəki ictimai-siyasi proseslərdə qadının rolu, gender bərabərliyi və qadın hüquqları, qarşıdakı bələdiyyə seçkilərində iştirakçılıqla bağlı məsələlər geniş müzakirə olunur. Yeni simalarla, sadiq silahdaşlarımızla nəzərdə tutduğumuz Konfransı aprel ayında keçirməyi planlaşdırırıq.
Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərlə bağlı hansı planlarınız var? Partiya üzvü olan qadınların bələdiyyə seçkilərində namizədliyi nəzərdə tutulurmu?
- Bələdiyyə seçkilərinə hazırlıq partiyanın prioritet məsələlərindəndir. Bununla bağlı partiyanın rəhbər heyəti bölgələrdə regional müşavirələr keçirir. Rayon Şöbələrində Seçki Qərargahları yaradılır və namizədlərin bələdiyyə subyektləri üzrə seçki platformalarının əsas tezisləri müəyyənləşdirilir. Nəzərdə tutulub ki, may ayınadək ilkin namizədlərin siyahısı tam hazır olsun. Eyni zamanda Ümid Partiyası bələdiyyələrin statusunun artırılması, böyük şəhər bələdiyyələrinin yardılması və bələdiyyə sədrlərinin xalq tərəfindən seçilməsi istiqamətində təkliflər paketi hazırlayır. Yaxın vaxtlarda hazırlanan təkliflər paketi ictimaiyyətin müzakirəsinə təqdim ediləcək.
Biz partiyanın qadın üzvlərinin hamısını bələdiyyə seçkilərində aktiv iştirak etməyə, öz namizədliyini irəli sürməyə çağırırıq. Maksimum dərəcədə çalışacağıq ki, bələdiyyə seçkilərində qadın namizədlərin sayı çox olsun. Siyasi partiya olaraq ictimaiyyətin diqqətini yerli əhəmiyyətli qərarların qəbul edilməsində qadın və kişilərin balanslaşdırılmış təmsil olunmasının vacibliyinə cəlb etmək istiqamətində işləyirik. Bu istiqamətdə məlumatlandırma və maarifləndirmə kampaniyasını həyata keçirməyi planlaşdırırıq.
Azərbaycanda keçirilən parlament və bələdiyyə seçkilərinin analizi göstərir ki, qadınlar seçkilərdə namizəd kimi iştirak etməyə həvəsli deyillər. Bunun bir çox obyektiv və subyektiv səbəbləri olsa da, müsbət nəticələr əldə edəcəyimizə inanırıq.
Ekspertlərin fikrincə gender bərabərsizliyi şəhərlə müqayisədə kənd yerlərində özünü daha qabarıq göstərir. Bir tərəfdən iqtisadi çətinliklər, digər tərəfdən isə ənənəvi stereotiplər kənd yerlərində qadınların daha çox məişət qayğıları ilə yüklənməsinə gətirib çıxarır. Bu isə nəticə etibarilə yerli səviyyədə qərar qəbuletmədə qadın iştirakçılığını minimuma endirir. Halbuki qadınların qərar qəbuletmədə iştirakı kəndlərdə həm yoxsulluğun azaldımasında, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynaya bilər. Bu mənada bələdiyyə strukturlarında qadınların təmsilçiliyi mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, bələdiyyə strukturlarında, xüsusilə bələdiyyə rəhbərliyində qadınların təmsil olunması həm bələdiyyə ərazisində qadın iştirakçılığının artmasına, həm də yerli qərarların, xüsusilə yerli büdcə məsələləri ilə bağlı qərarların qəbulunda qadınların spesifik ehtiyaclarının nəzərə alınmasına öz müsbət təsirini göstərir.
Qloballaşan dünyamızda qadına münasibət, onun ailədə və cəmiyyətdə yeri aktual məsələlərdəndir. Hüquqi və demokratik dövlətlərdə cəmiyyətin inkişafı siyasətin və iqtisadiyyatın idarə edilməsinə qadınların dinamik olaraq nüfuz etməsi ilə xarakterizə edilir. Bu üzdən siyasi partiyada qadın iştirakçılığının artırılması bizi də düşündürür. Ümumən gender bərabərliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan və müdafiə olunan mühüm standartlardandır. Bu təkcə demokratiya üçün vacib hesab edilən tələbləri özündə əks etdirmir, eyni zamanda insan hüquqlarının həyata keçirilməsinin və sosial ədalətin təmin olunmasının əsas şərtlərindəndir. Ümid Partiyası ölkədə qadınların ictimai-siyasi həyata aktiv qoşulması üçün ardıcıl fəaliyyət xətti həyata keçirir. Hazırda biz daha çox qadının siyasi proseslərə qoşulması, daha aktiv fəaliyyət göstərməsi üçün bir neçə layihə üzərində işləyirik. Yuxarıda qeyd etdiyim kim, əsas hədəfimiz və məqsədimiz Azərbaycanda mövcud olan qadın problemlərinin araşdırılması və həllinə çalışmaqdır. Bu istiqamətdə Ümid Partiyasının mükəmməl platforması vardır. Bu gün Azərbaycan qadınını üzən problemlərin kökünü kəsmək üçün ona dayaq olmaq, kömək etmək lazımdır. Dahi Hüseyn Cavid demiş:
Qadın gülərsə, şu issiz mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Kişilər tab gətirməyib problemlər əlindən özünə qəsd edir, görün onda zəif dediyimiz qadınlarımız nə qədər əziyyət çəkir və onlar nə qədər böyük potensiala malikdirlər. Bu potensial doğru istiqamətə yönəlməlidir. Yalnız qayğılardan azad olduğu təqdirdə qadın azad ideyalarla bütün varlığı ilə özünü ictimai işlərə, siyasətə, liderliyə həsr etməyə qadirdir.