Qadın güləşçimiz Avropa çempionu oldu - Fotolar

qadin-gulescimiz-avropa-cempionu-oldu
Oxunma sayı: 1734

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, yarışın 3-cü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

A qrupunda yer alan Elvina Kərimzadə ilk görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, bolqar Azra Azisova Mustafovaya və rumıniyalı Elvira Draqana tam üstünlüklə qalib gəlib. Qrup ikincisi kimi yarımfinala yüksələn güləşçimiz bu mərhələdə alman Jozefin Vrenşdən də güclü olub - 4:0. Həlledici görüşdə yenidən Polskayla üz-üzə gələn Elvina yenə rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Ruzanna Məmmədova (49 kq) ispan Kandela Giraldes Markeslə rumıniyalı Ana Mariya Rotaruya "tuşe" ilə qalib gələrək adını yarımfinala yazdırıb. Türkiyəli Şevval Çayırı 8:5 hesabıyla üstələyən təmsilçimiz finala vəsiqə qazanıb. Ruzanna son qarşılaşmada italiyalı Fabiana Rinellanı "tuşe" ilə məğlub edərək Avropa çempionu olub.

Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqu "tuşe" ilə üstələsə də, 1/4 finalda türkiyəli Tuba Demirə müqavimət göstərə bilməyib. O, təsəlliverici görüşdə isə alman Naemi Leiştnerə uduzub.

Fatimə İsayeva (65 kq) 1/8 finalda almaniyalı Kassidi Rixterlə bacarmayıb.

Qeyd edək ki, bundan əvvəl 2 qızıl, 5 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə oğlanlardan ibarət U-17 yığmamız 175 xalla Avropa çempionu olub.