Bu mövzunu açdığıma görə qınayanlar olacaq, bilirəm. Amma çoxunun bilmədiyi məsələnin tamam başqa tərəfləri var. Qadınlar dünyanın hər yerində qorxaq başların, əllərin, adətlərin zorakılığına məruz qalıb və qalmaqdadır. Qarşı cinsin gözündə o incədir, gücsüzdür, qolu zorlu deyil, ona istədiyini etmək olar.
Qadını təpiyi altına salanın, arxadan zərbə vuranın, cinsi təcavuzə sürüyənin, əslində, özü yazığın biridi. Görəsən, nə qədər qadın başına gələnlərdən sonra intiqam barədə düşünüb? Yaşadığı müsibətdən sonra gücünü itirməyib, içində özünü böyüdüb? Çəkdiklərini qələm götürüb, vaxt ayırıb yazıb və bir ağrılı nümunəyə çevrilib? Hansısa divar küncündə hamının ona zavallı kimi baxmasını həzm etməyib, buna izn verməyib. Hər kişi qurbanı, qapazaltısı olan qadının dirilməsi üçün təkcə cəsarət dağarcığı olması kifayətdir. Cəsarət məcburiyyətdən, əlacsızlıqdan doğulur. Qadının əziyini özündən başqa kimsə ütüləyə bilməz.
Bir az əvvəl əlimə maraqlı bir kitab keçmişdi. “Səhra çiçəyi”. Müəllif tanınmış qaradərili topmodel, Varis Diriedir. Həmin Varis indi BMT-nin səfiridir, bu statusu almaq üçün çətin həyat yaşayıb. Bu kitab xəyal, təxəyyül deyil, həyat hekayəsidir. On iki yaşında evindən başını götürüb gedən bir kasıb qızcığaz qadın olana qədər nələr çəkib, maraqlıdı. Somali sakini, səhra köçərisi qaraca qızı 5 yaşında ağır adətlərdən olan sünnət üçün qana boyayırlar, sonralar şikəst edilmiş qadın, orqanının ağır fəsadlarını yaşayır. 12 yaşında zorla yaşlı kişiyə ərə verilərkən qaçıb canını qurtarır. Aslanın iti dişlərindən, ağzısulu, fürsətçi əyyaş kişilərin əlindən ilim-ilim itir, sonra özünü tapır. Təkbaşına əyalətlər, şəhərlər dəyişir və xoşbəxtlikdən Allah da üzünə baxır. Boy -buxununa görə model kimi seçilir, pullanır, gözü toxlanır. Amma sünnət damğasından, utancından içindəki ağrıya heç nə kar olmur. Gözü açıldıqca, qulağının pası təmizləndikcə öz diyarında yasadıqları, vəhşi qanunlar sirr olmaqdan çıxır.
Varisin həyatı təkcə onun qayğısına çevrilmir. O çox bacarıqlı, ağıllı “naşı” itkin idi, heç nə hədəfləmədən yola çıxmışdı. Tayfa qanunlarına baş əyməkdənsə, gözübağlı qaçmağı, riskə atılmağı üstün tutmuşdu. Bu bir qaçış planı deyildi. Varisin qalibiyyəti onun tək canı ilə London cəmiyyətinin bir parçası olmaq kimi cılız qalmadı. Onun triumfu cəsarətini toplayın ağzını açıb eyibini dünyaya catdırdığı gün oldu. Dünya qadın sünnəti kimi dəhşətli adətlə, cinsiyyət orqanı şikəst olunan qadın ordusu ilə tanış oldu. Milyonlarla insan şok yaşadı. Varis öz faciəsini minlərlə qadının yaşamaması üçün BMT-nin səfiri pilləsinə qədər getdi. Mübarizəyə başladı, indi də bu missiyanı davam etdirir, amma təəssüf ki, əsrlərdir davam edən qadın sünnəti ənənəsi öz işindədir. Afrikanın 30-dan çox ölkəsində yayılmış adət nəticəsində il ərzində minlərlə qız uşağı bu dəhşətli prosesin qurbanına çevrilir.
BMT-nın hesabatına görə, hazırda 130 milyondan çox qadın FGM (ingiliscədə -Female Genital Mutilation-cinsiyyət orqanın şikəst edilməsi)qurbanıdır. Bir ildə 2 milyon qız(4-5 yaşında edilir) qurban olmaq riskini daşıyır. Çox maraqlıdır ki, bu vəhşi adət qullarının fikrincə, sünnət olunan qadın öz ehtirasına təslim ola bilmir, o daha əxlaqlı sayılır. Yenə də islamla əlaqəsi olmayan adət çox halda bu dinin göstərişi kimi qələmə verilir. Bu yerdə haqsız yerə bəzi qara qüvvələrin əlinə islamı ifşa etmək üçün yaxşıca fürsət keçir. Islamda əsla belə bir adət yoxdur! Dəhşətlisi, belə qadın “kəsimi”nin naşı adamlar tərəfindən primitiv alətlərlə aparılmasıdır ki, nəticədə onlarla qız ya əməliyyat zamanı(qanaxmadan, infeksiyaya yoluxmadan), ya da az sonra ölür. Hətta Efiopiyada qadın xarici cinsi orqanı təmamilə yox edilir. Bu dəhşətdir. Heç bir tibbi əsası olmayan qadının qəsdən şikəst olunması səngimir. Tez-tez xarici mətbuatda qurbanlar dindirilir. Bir neçə gün əvvəl yayımlanan son məlumata görə, dünyada qadın sünnətinin qurbanlarının sayında ciddi azalma yoxdur. Yaxın Şərq, Asiya və Afrika ölkələrində qadın “kəsim”i davam edir. Misir bu işdə öndə gedir. Bu ölkənin ailəli qadınının 92 %-i sünnət olunub. Adət qarşısında ölkələrin höküməti də aciz qalıb.
Əminəm ki, bu qəddar adət də nə vaxtsa əclaf bir kişinin uydurması və eqosu nəticəsində formalaşıb. Bir başın güdazına gedən milyonlarla bədbəxt qadın. Axı bu qadınların günahı nədir?