Qadın, yoxsa...

qadin-yoxsa
Oxunma sayı: 1814


Oxuculardan biri rəy bölməsində qeyd etmişdi ki, “Aybəniz xanım, bir az pozitiv şeylərdən yazın. Onsuz da problemlərin içində itib-batırıq.”. Əslində jurnalistin, yazarın işi problemləri, hissləri işıqlandırmaqdır. Amma bir halda ki, arada beyin istirahəti də lazımdır deyirsinizsə, bu ərəfəsində bayramları pulsuz-parasız, keçimsizlikdə necə yola verəcəyinizi düşünməkdən 5-10 dəqiqəlik sizi kənar qoyum dedim. Amma unutmayın ki, bütün yumorlarda böyük faciələr gizlidir. Lazımı yerdə arif adamlar söhbəti tutacaqlar. Ataların sözü olmasın, “Sözün düzünü zarafatda deyərlər”.  

Deməli, bizim qonşu kənddə “İ” adında bir müəllim var idi. Elə indi də var. Hardasa yaşı 55-57 civarında olar. O vaxtlar kənd yerində təbii ki, hamı maldarlıq və təsərrüfatla məşğul olurdu. Bizim bu “İ” müəllimin də bir xeyli qoyun-quzusu varmış. Özü müəllim işlədiyindən gündüzlər qoyun-quzusunu örüşə apara bilmirmiş deyə öz sinifində oxuyan bacısı oğluna deyirmiş ki, get mənim qoyun-quzumu otar, sənə 5 yazacam. Uşaq da dərsdə oturmamağın dərdindən, üstəgəl bir də dərsdə oturmadan 5 almağa görə dərsə getmək adıynan örüşə yollanırmış. Nə isə qaçqınçılıq düşür, bu müəllim də qaçhaqaçda gəlir Sumqayıtda məskən salır. Amma yenə də qoyunlarından əl çəkmir. Qoyun sevdası onun müəllimlik kimi müqəddəs və ali vəzifəsinə üstün gəlir. Müəllimliyin az maaşı ilə dolanmağın çətinliyini nəzərə alıb ona haqq qazandırmaq da olardı, amma yazını sona qədər oxusanız başa düşəcəksiniz ki, bu qoyun sevdası yalnız müəllimlik sevdasına yox, digər sevdalarına da qalib gəlir.

Deməli, bizim bu “İ” müəllimin bir qızı, bir oğlu var. Qızı 16 yaşına yetirən kimi ərə verdilər. Sözün düzü qızın da etirazı olmadı. Deyə-gülə ərə getdi. Qınamıram. Hamının o yaşda bir gəlinlik sevdası olur. Oğlan tərəf də imkanlıdır. 

“İ” müəllimin oğlu isə əsgərlikdən gələn kimi 400-500 AZN-lik iş tapıb ailəsinə kömək etməyə başladı. Bacısının ərinin ailəsi imkanlı olsa da deyir, deyirlər ki, gərək qız tərəfin bir əli bunların üstündə ola. Azərbaycanda ana-atalar qız yükü-duz yükü deyib qızı ərə verirlər ki, yükləri yüngülləşə. Bu yerdə də qeyrət yükündən canlarını qurtarıb, dolanışıq yükünün altına girirlər. Mənimkilər məni bezdirib, ərə get deyəndə, əsəbləşdiyimi görüb deyirlər ki, “Əşi düz deyirsən e, otur evdə. Evdə oturanın bir dərdi var, gedənin min”. Nəsə, qayıdım “İ” müəllimə. “İ” müəllimin Oğlu da yeni nişanlanıb. Bunları sadalamaq məqsədim odur ki, yəni dolanışacaqları çətindir. 500 AZN-lə həm toylara get yazıl, həm ailə dolandır, həm nişanlı adamın bayramı-seyranı, həm də bir əlin ərə verilən bacının üstündə olsun. Çətindir. Bəs “İ” müəllim nə iş görür? Heç nə. Yoldaşı deyirmiş ki, evə bir qəpik pul gətirməməyi cəhənnəm, özü də gedib oturub “Nasosnu”-da qoyun saxlayır. Evin yolunu unudub, nəsə evdən perih düşüb.  Bu söhbəti anama danışan adam “İ” müəllimin qohumu idi. Bizə də qonaq gəlmişdi. Anam, o və mən süfrədə yemək yediyimiz yerdə bu söhbəti bizə edəndə özü şərh etdi ki, deyirəm yəqin “Nasosnu” da saxladığı var (başqa qadını nəzərdə tutur). İndi o söhbətin pik nöqtəsinə gəlib çatdıq. Söhbəti olduğu kimi sizə nağıl edirəm. 

Bu “İ” müəllimin həyət-baja yoldaşı “A” xanım baldızı “X” xanıma keçimsizliklərini şikayət edir:

-Ay “X”, bajı, bu “İ” evə düz-əməlli gəlmir. Pulun adını da heç tutmağa dəyməz. Bu gün-savax oğlanın toyu olasıdı, ev də eləcə remontsuz qalıb. İnan Allaha evdə dişə vurmağa qənd, boğazı yaşlamağa çay yoxdu. Təzyiqim də ki, bilirsən də. O gün yenə tutmuşdu. “E”(oğlunu deyir) gətirib 50 manat verdi ki, bəs mama, get həkimə gör nə deyir, nə müalicə yazır. Belə olmaz, ölürsən. Elə hazırlaşmışdım ki, həkimə gedəm, bu dəmdə qardaşın “İ” evə gəldi. Öz-özümə ürəyimdə deyirdim ki, ay Allah sənə şükür, gün hayandan çıxdı bu evə gəldi? Əynimi geyinəkli görüb soruşdu ki, hara gedirsən? Qayıtdım ki, bəs yenə təzyiqim öldürür məni. Uşaq 50 manat verib ki, mama get həkimə. Bu dəmdə nə desə yaxşıdı? Qayıdasan ki, ay “A”, sən canı, gör nə yaxşı oldu e çatıdım. Az “A” , o 50 manatı ver mənə, üstünə də 50 manat qoyub gedim qoyunlarıma dərman alım. Batıb-qırılırlar. “ 

Dediyim kimi həmin qohum bunu bizə nağıl edəndə süfrədə oturub çay-çörək yeyib-içirdik. Bunu eşitcək nətər qəşş edib, gülüşüb bir-birimizə qarışdıqsa, gülməkdən avırdlarım ağradı. Soruşdum ki, bəs “A” xanım nə edib? Soruşmayıb ki, qoyun məndən artıqdı? Qonaq dedi ki, yox, puluca götürüb verib ərinə. Nə bilim e, bu yerdə Azərbaycan qadının fədakarlığı ilə öyünə, baxın görün bu Azərbaycan erkəyi, bu  da Azərbaycanın fədakar qadını deyə bilmirəm. Belə fədakarlıqlarını onlara bağışlamağı bacarmıram deyə bizim qadınlara nə olursa, haqq olur deyirəm. Bir yandan da yadıma bir xalq şairimiz düşdü. İlk məhəbbəti eşşək olubmuş. Başqa şairlərə öz etirafında deyib. Bilənlər bilir. Xalq şairi zoofil (heyvanlarla cinsi əlaqədə olan insanlara deyilir) olanın, müəllimi niyə olmasın ki? Bu işin yumoristik tərəfi. Təbii ki, həqiqət payı danılmazdır. 

Sonda deyim ki, mən formal olan heç nəyi sevmirəm. Ürəyindən gəlmirsə, NİYƏ bir adamı xala xətrin qalmasın deyə təbrik etmək, hədiyyə almağa imkanın yoxdursa, özünü mütləq məhz bu gün hədiyyə almaq məcburiyyətində, gözü kölgəli hiss edəsən ki?  

 Əziz xanımlar, kiçiyiniz olum, sizə məsləhət vermək kimi çıxmasın. Amma çox rica edirəm bir günlük hədiyyə tələb etmək, hədiyyə gözləmək əvəzinə hər gün və daima özünüzə qarşı hörmət, sayqı, sevgi göstərilməsini arzulayın. Gördünüz olmur, tələb edin. Onda da olmursa, sizə sayqısızlıq edənlərin arasında qalmağa davam etməyin. Heç nəyə baxmayaraq o an həmin yeri tərk edin. 

Və əziz bəylər, qadınlara xüsusi münasibət göstərmənizə ehtiyac yoxdur. Adam yerinə qoyub, heyvandan, qoyundan üstün bilməniz də  yetər. 

Zoofil kişiləri olan cəmiyyətdə homoseksuallara pis baxmaq, adamları qorunmayan ölkənin insanlarının heyvanların qorunmasından danışması qədər gülüncdür. Məni üzürlü bilin, mən bu xalqın ümumi qadınını təbrik edə bilmərəm. Yalnız istisnaları təbrik edə bilərəm, onların da adları konkret yadıma düşmür. Amma Fransa kimi inqilabçı, Ukrayna kimi şaxta, marozunda mitinqə çıxan xalqın bütün qadınlarını 8 Mart qadınlar bayramı günü münasibəti ilə təbrik edir, bağıma basıram! Öz xalqımın qadınlarına da bir gün o xalqların qadınları sırasında olmağı arzu edirəm! Bu da mənim sizə bayram arzularım. Bundan gözəl arzu? Belə çox pozitiv.