63 yaşlı bir müəllimim var. Həftədə bir dəfə bizim fakültəyə mühazirə deyir. Danışarkən tez-tez cümlədəki sözlərin yerini səhv salır, çaşıb deməli olduğu sözün əks mənalısını işlədir. Misal üçün şərəfli sözünün yerinə şərəfsiz, dərs oxuyun yerinə oxumayın deyir. Üstəlik biraz pəltəkliyi də var. Sakit təbiətlidi. Əsəbləşsə də səsi çıxmır, uşaq kimi küsür. Kişi nə qədər qışqırmağa çalışır, səsi çıxmır.
Hər mühazirədə tələbələr müəllimin başına oyun açırlar. Nə qədər əsəbləmək, tələbələri “sərt baxışı” ilə susdurmaq istəyirsə də heç kim onu vecinə almır. Hər dəfə dekana zəng edib şikayət etməklə hədələyir. Telefonunu çıxarıb dekanın nömrəsini axtarmağa başlayanda tələbələr yalvarıb fağır müəllimi fikrindən döndərirlər. Amma iki dəqiqə sonra yenə gülüşmə, danışıq səsləri yüksəlir. Bir mühazirədə müəllim artıq mübarizə aparmaqdan yorulub, zalı tərk etdi. Çox çəkmədi ki, təkrar zala qayıtdı. Oturacağını masanın arxasından götürüb, bizə daha yaxın əyləşdi:
-“Həkim mənə əsəbləşməyi qadağan edib. Mənə qəti əsəbləşmək olmaz. Burda tormb var.- Əliylə alnını göstərdi. Əsəbləşsəm onun ordan qopma ehtimalı artır. Bilirsiz də tromb burdan qopsa gəlib ürəyimdə ilişəcək və buradaca öləcəm.
Tələbələrin çoxu hələ də danışmağa davam edirdi. Müəllimə yersiz suallar verib, sırtıq-sırtıq gülürdülər. Müəllim isə bu dəfə sağ əliylə köynəyinin sol cibini göstərib sözünə davam etdi :
- Bu cibimdə həmişə şəxsiyyət vəsiqəmi daşıyıram. Bir də universitetin dossenti olduğumu göstərən vəsiqəni. Birdən qəfildən haradasa ölərsəm, meyidimi morqa atmasınlar deyə. Ailəmi axtarıb tapa bilsinlər deyə cibimdə evdəkilərin, yaxın dostlarımın telefon nömrələrini daşıyıram. – cibindən bloknotu çıxarıb bizə göstərdi.
Tələbələr yenə də fağır və yaşlı müəllimi ələ salmaqda davam etdilər...
Artıq altı ildir ki, tələbəyəm. Bunun ilk 4 ilini Türkiyədə keçirtmişəm.İndi isə ikinci tələbəlik illərimi Bakıda yaşayıram. Yenidən tələbə olmağın xeyli müsbət tərəfləri var. Keçmişdə etdiyin səhvləri təkrarlamırsan, sanki əzbərlədiyin bir dərsə ötəri bir baxış atırsan. Yaşca məndən 4-5 yaş kiçik olan tələbə yoldaşlarımın düşüncələrini, danışdıqları mövzuları dinləmək də “bəzən” maraqlıdır. İlk tələbəlik təcrübəmi Türkiyədə keçirtdiyim üçün bizim tələbələrin həyat tərzi, düşüncələri mənim üçün biraz yaddır. Cuzi oxşarlıqlar var. Bizim tələbələrin həyat tərzi acınacaqlı vəziyyətdədir. Günlərini boş, mənasız və passiv keçirdirlər. Universitetdə sosial mühit çox zəifdir.
Türklər bizdən qat-qat daha tərbiyəlidirlər. Həmişə fəxrli danışdığımız böyüyün kiçiyin yerini bilmək baxımından lap türklər demişkən onların əlinə su tökə bilmərik. Bir dəfə də olsun Türkiyədə müəllimə yeri gəldi gəlmədi qışqıran tələbə ilə qarşılaşmamışam. Sadəcə olaraq belə bir şey orada mümkün deyil. Çünki kütlə bu hərəkətinə görə onu-özünü apara bilməyən tələbəni susdurmağı bacarır. Bizim gənclər kimisə təhqir etməyi söz azadlığı və qəhrəmanlıq zənn edir, yeri gəldi gəlmədi haqqlarından danışırlar. Vəziyyət çox acınacaqlıdır. Savadsızlıq və tərbiyyə bir kənara dursun, mənəviyyat və insanlıqdan da əsər əlamət yoxdur.
Gəncliyi dəhşətli bir çarəsizlik hissi bürüyüb. Oxuyan tələbələrin sayı barmaqla sayılacaq qədərdir. Müəllimlərin az bir hissəsi həvəslə dərs danışır. Qalanları ya yorulub ya qocalıb ya da sadəcə olaraq dərs danışmağa həvəsləri yoxdur. İşləri gücləri var. Hamı oturub gələcəyi gözləyir. Fikirləşirlər ki, bəlkə tələbəlik illərindən sonra həyat biraz daha maraqlı olacaq. Bir müəllimimiz bir gün soruşdu ki “ kim gələcəkdə həkim olmaq istəyir?” Qrupumuzdakı 15 nəfərdən cəmi 4-ü əlini qaldırdı. Bəs qalanları? Çoxundan eyni cavabı eşidirəm: Atama desəm ki, burda oxumaq istəmirəm, məni oğulluqdan çıxardar.
Günahkarları axtarmağa ya da sadalamağa ehtiyac yoxdur. Bunu azdan-çoxdan hamımız bilirik. Deyək ki, bir uşaq yetərincə yaxşı mühitdə böyüməyib. Oxuyub, universitetə qəbul olub. Bəs universitet hara baxır? Niyə maarifləndirici konfranslar təşkil edilmir? Niyə universitetdə tələbələrin özlərini inkişaf etdirmələri üçün müxtəlif klublar, təşkilatlar yoxdur? Yəqin ki, cavab çox sadədir əslində. Universiteti idarə edənlər və müəllim kadrlarının özünün maariflənməyə ehtiyacı var.
Bir gün “məişət zorakılığı” ilə bağlı bir konfransda iştirak etmişdim. Mövzu məişət zorakılığı olsa da əsasən qadın zorakılığından bəhs edilirdi. Ard-arda üç xanım qadın zorakılığı haqqında hazırladıqları yazıları başlarını qaldırmadan, kağızdan oxuduqdan sonra yerlərinə əyləşdilər və dedilər ki, indi bir psixiatr bu mövzuya tam aydınlıq gətirəcək. Həmin psixiatrı sonralar ans-in efirində də gördüm. Peşəkar həkim-psixiatr kimi təqdim olunan bu kişi mühazirəni bu sözlərlə bitirdi :
- Uşaqlar namusa görə həbsə düşən kişilərin böyük hörməti olur. Ancaq o uşaq zorlayanlar var aa, onların günü qaradır.
Gələcəyin kişiləri bu sözləri eşitdikdən sonra başlarını “təsdiq edirəm” mənasında salladılar. Hamı son cümlədən razı qalmışdı. Qızlar da başlarını eyni formada sallayırdılar. Arxamdakı sırada əyləşmiş bir qız konfransın başından bəri danışılan hər şeyə etiraz edirdi. Amma bu sözlərdən sonra o da başı ilə təsdiqləyib bunları dedi:
- Elə də olmalıdır də. Başım çıxmır bunları danışmaq üçün bizi bura niyə yığıblar. Kim necə istəyir elə də yaşayır. Bir qız facebuka girirsə axırı gəlib belə qurtarmalıdır də...-danışmağa davam etdi.
Başımı əllərimin arasında tutub, tez konfransın bitməsini gözləyirdim. Bu qədəri Azərbaycandakı ikinci ayımda mənim üçün çox ağır idi.