Qadını maşınla vurub qaçan sürücü tutuldu

qadini-masinla-vurub-qacan-surucu-tutuldu
Oxunma sayı: 1086

Aeroport yolunda piyada qadını vurub öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 4-də saat 08 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən naməlum qadın piyadanı vurub hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən orada vəfat edib.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri, eləcə də vəfat etmiş qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Murad Əhməd