Qadını öldürdü, sonra yandırdı

qadini-oldurdu-sonra-yandirdi
Oxunma sayı: 652

İyunun 22-si saat 17 radələrində İ.Məmmədov küçəsində yaşayan Zibeydə Dadaşovanın evində yanğın baş verib. Nəticədə Z.Dadaşova yanıq xəsarətlərindən 3 saylı xəstəxanada ölüb. Müayinə zamanı meyitin üzərində, sinə nahiyəsində 6, ayağında isə bir kəsilmiş-deşilmiş xəsarət aşkar edilib. DİN BCAİ, BPİ CAİ, Suraxanı RPİ CAŞ və 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bülbülə qəsəbə sakini Samir Səlimov iyulun 6-da tutulub.

İyulun 7-si saat 01:15 radələrində Xacəsən-Lökbatan yolunda Bakı şəhər sakini Fuad Gülüyev idarə etdiyi “QAZ-3110” markalı avtomobili aşırıb, nəticədə özü və sərnişini Abşeron rayon sakini Elxan Məmmədov hadisə yerində ölüblər.

Nəsimi RPİ CAŞ və 19-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Koba Kvaxadzedən 1 qramdan artıq heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, iyunun 24-dən 28-dək olan müddətdə A.Mustafayev küçəsində yaşayan Talıb Qasımovun evindən qıfılı sındırma yolu ilə suvenir, iyunun 28-də İ.Həmid küçəsində yaşayan Ramin Xəlilovun evindən qıfılı sındırma yolu ilə 1000 manat, qızıl zinət əşyaları oğurlayıb. İyulun 4-də isə Cavadxan küçəsində yaşayan Mehman Əşrəfovun evindən qıfılı sındırma yolu ilə oğurluğa cəhd edib.

İyulun 4-də Albalılıq yeni yaşayış massivində Azəriqaz İB-nə məxsus yolun kənarında kəsilmiş halda olan 8 metr boru oğurlanıb. Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Atabəy Abdullayev iyulun 6-da tutulub.