Qadınlar ayrılanda toy şəkillərində ərlərini kəsirlər... -

qadinlar-ayrilanda-toy-sekillerinde-erlerini-kesirler-
Oxunma sayı: 1158


Adamları “kəsmək”, “doğramaq” deyəndə mətləbi təkcə fiziki mənada yox, həm də mənəvi planda anlamaq lazımdır. Çünki indi günəş kimi öz işində olanları görüb sirkə içibmiş kimi üz turşudan yaramaz əsrdaşlarımız az deyil. Necə deyiblər? “Əttara rast olsan, gül qoxuyarsan, dəmirçi görsən çınqıdan odlanarsan”. İş elə gətirib ki, zəmanəmizdə əttardan çox, “dəmirçi”lər var deyə, odlu məsələlərdən yazmamaq müşküldür.

Deyəcəklərimi uzatmamış keçirəm mətləbə. Sizə adam, daha doğrusu şəkil, kadr “doğramaq” haqqında iki hadisə danışmaq istəyirəm.

                                                            I

Eşitdiyimə görə Rasim Balayevə qarşı münasibətlərin bir balaca kəskinləşdiyi vaxt, onun çəkildiyi sənədli filmlərdən sənətkarın danışdığı kadrları kəsib çıxarırmışlar. Təbii ki, sənətkar da bu olanları görür, müşahidə edirmiş. Axır bir gün zəng edib televiziya rəhbərinə deyir ki, məni tutalım filankəs haqqında sənədli filmdən kəsdin, bəhmənkəs barədə filmdən çıxartdın, bəs “Babək”də, “Nəsimi”də neyləyəcəksən?

                                                              ***

Xidməti olmuş adamlara qarşı çıxmaq, onları arxa plana keçirmək, şəkillərinə, kadrlarına qarşı belə “repressiya” əlbəttə ki, qorxaqlıqdan doğan cəlladlıqdır. İnsanları, onların xidmətlərini danmaq, ancaq bu günü ilə yaşamaq əsl bədbəxtlik əlamətidir. Ağ günə, azca quruya çıxan kimi yan-yörəsinə şıllaq atan, sənətkarları, yaradıcı insanları silmək istəyən, istedaddan qundaqdakı İsadan qorxan Hirodtək qorxan adamları görəndə “Bəs “Babək”də, “Nəsimi”də neyləyəcəksən?” məsələsi yadıma düşür. İstedadı və insan əməyini danmaq, irsini danmaq kimidir. İstedad bəşəriyyətin irsidir…

Alber Kamyu gündəliklərində yazırdı ki, “Qorxaqlıq özünə hər zaman fəlsəfi bəraət tapacaq”. Yüz faiz əminəm ki, qorxaqlığını özünə, işinə və yaradıcılığına sipər eləmiş adamlar üçün hər şeydən imtina eləmək asandır.

İndi isə şəkil “doğramaq”la bağlı ikinci hadisəyə keçid alıram…

                                                                II

Bir dəfə vəkil dostum məhkəmə iclaslarından biri barədə danışanda dedi ki, qadınlar ayrılandan sonra toy şəkillərindən bir çox hallarda ərlərini kəsirlər. Müəyyən səbəblərdən onlar tələb olunanda belə şəkilləri utana-utana məhkəməyə gətirirlər.

                                                     ***

Həmin hadisəni bir “məkri-zənən” hesab etsək də, alt qatında bir xilas, keçmişindən qaçmaq kimi qiymətləndirdik. Ancaq arada qaçılmaz xatirələr, yaxud uşaq vasa necə gizlədəcəksən, onları axı kəsib atmaq olmur? Lap kəsdiyin çörəyə tüpürdün, axı o çörək sənin ətinə-qanına çevrilib, bəs o necə olsun?

İnsan xatirələrindən xilas ola bilmir, çünki ömür elə səhradır ki, evdən götürdüklərini mütləq burda yeməlisən, içməlisən və nəticədə sənin xurcunundakılar bütün səfər yoldaşlarına bəlli olacaq. Əbəs yerə neştərini gizlətməyə dəyməz. Nizami Gəncəvinin də dediyi kimi:

Əqrəbin düşmənliyi əjdahadan beşbetər,

Bu aşkar hücum çəkər, osa xəlvət zəhərlər.

Yuxarıda iki insan inkarı məsələsini xatırlatdım. Biri sənət, digəri isə məişət hadisəsi idi, ancaq ikisinin də kökündə aşağı-yuxarı eyni məkr dayanır. Öz taleyini şəkil gizlətməyə, kəsməyə, kiminsə kadrlarını çıxarmağa, qadağa qoymağa həsr edənləri görəndə İsanın çarmıxa tələsməsini xatırlayıram: İsa həm də çarmıxa ona görə tələsirdi ki, onu ittiham edənlərlə tez vidalaşsın, ömrünü onlarla mübarizəyə həsr etmək istəmirdi.


“Qafqazinfo”