Qadınlar kitab, yoxsa ətir istəyir?- - Bu dəfə özləri danışdı

qadinlar-kitab-yoxsa-etir-isteyir-
Oxunma sayı: 3762


“Qafqazinfo” da mövzunun aktuallığını nəzərə alıb sənət adamları və jurnalistlər arasında kiçik sorğu keçirib: 

Yeni xalq artisti adı almış, opera ifaçısı Fidan Hacıyeva: ““Əli və Nino” kitab evinin keçirdiyi kampaniyanı çox bəyəndim. Bu haqda məlumatım var. Əlbəttə istəyərəm ki, mənə kitab hədiyyə etsinlər. Kitab oxumağı çox sevirəm. Səyahət edən zaman hər zaman özümlə kitab aparıram. Kampaniyanı dəstəkləyirəm”.

Əməkdar artist Lalə Məmmədova: “Əlbəttə, kitab hədiyyə edilməsini istəyirəm. Kitab oxumağı çox sevirəm”.

Jurnalist Sevinc Telmanqızı: “Yaxşı aksiyadır. Amma bunu təkcə 8 Martda yox, digər bayramlarda da keçirsələr, pis olmaz. Kitab hədiyyə olunsa, sevinərəm. Amma mən bayramda heç kimdən xüsusi hədiyyə gözləmədiyim üçün bu haqda da xüsusi düşünməmişəm”. 

Teleaparıcı Vüsalə Əlizadə:  “Təbii ki, kitab hədiyyə edilməsini istəyirəm. Gül solacaq, ətir üçüb gedəcək. Amma mənə dəyərli bir məsləhət verəcək, örnək olacaq kitaba çox ehtiyacım var. Məncə hər bir qadının belə kitaba ehtiyacı var”. 

Şairə Sevinc Çılğın:  “Kitab kampaniyasına bir sürü debil ağzına gələni yazır. Bu kampaniyaya qoşulan xanımlar kişiyə möhtac xanımlar deyillər. Onlar özləri də özlərinə ətir, kitab və s. ala biləcək qədər gücə, qüvvətə, ağıla, enerjiyə sahibdilər. Bu, kitaba dəstəkdir! Kitaba münasibətdir! Təbii ki, bütün qadınlar kimi bizi də ətir, gül və s. hədiyyələr sevindirir. Hətta, nəinki ətir, gül, daha böyük, dəyərli hədiyyələrə layiq xanımlarıq! Və çox şükür partnyorlarımız tərəfindən kifayət qədər sevilir, dəyərləndirilirik. Məsələlərə belə dayaz, bayağı, karandaşla boyadığınız gözünüzlə deyil, bir az da batını  gözünüzlə yanaşın. Əlbəttə ki, o göz əgər sizdə varsa! Belə...”. 

Jurnalist Ləman Mustafaqızı: “Maraqlı kampaniyadır. Tək qadınlar günündə yox, digər bayramlarda da bunu təbliğ etmək lazımdır. Çünki bir çox qadınların həqiqətən də kitaba ehtiyacı var. Onlarla söhbət edən zaman düşüncələrinin nə qədər dayaz olduğunu anlayırsan. Bu vaxt onun üstündən gələn bahalı ətir, dodağının boyası, qaşlarının tatuajı belə onları xilas etmir. Digər tərəfdən də üstündən bozbaş iyi gələn qadın da qəbul edilir deyil. Olsun ki, kifayət qədər mütaliəsi var. Mənim 8 Martda nə hədiyyə istədiyimə gəlincə, devizim dəyişilməz olaraq qalır. Kitab üstündə ətir!”

Müğənni İradə İbrahimova: “Ali və Nino mağazasının başladığı bu aksiyanı dəstəkləyirəm,. Kitab oxumağı çox sevirəm, ona görə də bu addımı çox bəyəndim”.

Jurnalist Çinarə Nurməmmədova: “Son günlər insanların əksəriyyəti xanımların hədiyyə kimi kitab arzulamaqlarını səmimi saymadıqlarını deyirlər. Məncə, kitab çox dəyərli hədiyyədir, amma burada xüsusi bir məqam var: təqdimetmə. Məsələn, düşünün ki, hər hansı bir şəxs sizə kitab hədiyyə etməzdən öncə o həmin kitabı özü oxuyur, gözəl fikirlər olan səhifələrdə kiçik kağızlarda öz fikirlərini və sizə olan səmimi sözlərini yazıb kitabın içinə doldurur. Maraqlı bir əlfəcin də almaqla hədiyyəni tamamlayır. Xüsusi əlfəcin hazırlayan yerlər və eləcə də, “İnstagram”da belə səhifələr var. Belə olan halda, heç bir xanım düşünməz ki, ona dəyər verilməyib. Əgər şəxsin maddi imkanı yol verirsə, həmin xanım üçün iş yerinə gözəl bir gül buketi (fərqlilik olsun deyə, tülpandan ibarət, yaxud da dibçəkdə) və şokolad da göndərə bilər. Çünki şokolad xanımların əvəzolunmazı, gül isə zərifliyini bir daha vurğulayan elementdir”.

Müğənni Ayan Babakişiyeva: “Əla kampaniyadır.  Kitab oxumağı sevirəm. Amma özəl günlərdə bahalı hədiyyələr almağı da sevirəm. Həyatımda özəl insan yoxdur ki, ondan nəsə hədiyyə istəyim və ya gözləyim. Amma olsaydı deyərdim : “Əzizim, 8 marta mənə ətir yox,  gül yox, kitab al, amma vərəqlərinin arasından parıldayan daş-qaş çıxsın””. 

Aparıcı Türkan Məmmədli: “Mən kitabı çox sevirəm. yetərincə də, oxuyuram. Digər günlər onu özüm də ala bilirəm. Amma mən qadınlar bayramında kitab hədiyyə istəyən xanımların səmimiyyətinə inanmıram. Heç bir xanım, bir tək kitabla kifayətlənməz. Bəlkə də dostu verdiyi halda ona xoş olar. Amma sevgilisi, nişanlısı və ya həyat yoldaşından məhz ilin bir əsas günü kitab hədiyyə almasına düzgün baxmıram”.   

Müğənni Yeganə Mürsəlova: “Hədiyyənin mənim üçün önəmi yoxdur.  Əsas diqqətdir. Kitab hədiyyə  olunsa, sevə-sevə qəbul edərəm. Təyyarədə olanda kitab oxumağı sevirəm. Mənim üçün əvəzedilməz hədiyyə olar. Hər  qadını sevindirmək üçün bir gül də kifayətir”.

Müğənni Sevda Sanaliyeva: “Hədiyyənin önəmi yoxdur. Alınana kiçik bir hədiyyə də qadının düşünüldüyünü göstərir”. 

Tarzen Humay Qədimova: “Kitab oxumağı, mütaliə etməyi çox sevirəm. Əlbəttə, kitab hədiyyə edilməsini istəyərəm.  Amma yanında qızılgül də olsun”. 

Müğənni Aysel Əlizadə: “8 Martda fərqli hədiyyələri almağı sevirəm. Kitab hədiyyə olunmasını istəyərəm, amma bu kifayət deyil, yanında  başqa hədiyyə də olsun”.

Könül