“Qadınlar sükan arxasında olduqlarını unudurlar” - DYP

qadinlar-sukan-arxasinda-olduqlarini-unudurlar
Oxunma sayı: 2258

Baş Dövlət Yol Polisi İdarəsi qadın sürücülərə müraciət edib.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, qadın sürücülər sükan arxasında diqqətli olmalıdırlar: “2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artıb. Onu da qeyd etməliyik ki, nəzəri imtahanlar zamanı yol hərəkəti qaydaları ilə bağlı suallara daha tez və düzgün cavab verən, həmçinin təcrübi imtahanlarda yüksək nəticələr göstərən qadın sürücülərimiz də az deyil.

Əslində, qanunvericilikdə nəqliyyat vasitələri sürücülərinin cins fərqi, bu fərqin yaratdığı hüquq və ya vəzifələr, eləcə də məsuliyyətlə bağlı hər hansı norma nəzərdə tutulmayıb. Sadəcə, digər sahələrdə olduğu kimi, yol hərəkəti prosesində də qadın sürücülərə bəzi məqamlarda müəyyən güzəştlər edilməsi və ya onlara hansısa üstünlük verilməsi milli dəyərlərimizdən qaynaqlanır. Toxunduğumuz bu mövzuda məqsədimiz heç də qadın sürücülərə münasibətdə formalaşmış mövcud yanaşmanı müzakirə etmək deyil”. 

DYP-nin açıqlamasında qeyd edilir ki, aparılan təhlillər qadın sürücülər arasında qayda pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir: “Elə özümüz də yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq. Statistik rəqəmlər də deyilənləri təsdiq edir.

Odur ki, xanımlarımıza müraciət edərək nəqliyyat vasitələrindən istifadə edilməsinin onların özləri və ətrafdakılar üçün yüksək təhlükəli fəaliyyət hesab olunduğunu nəzərə almağı, baş verə biləcək riskləri əvvəlcədən düzgün qiymətləndirməyi, avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı və ona əyləncə vasitəsi kimi baxmamağı, xüsusən hündürdaban ayaqqabı həvəskarı olan qadınlara nəqliyyat vasitəsini rahat idarə etmək üçün münasib ayaqqabı seçməyi və ən əsası sürücü kimi yola çıxdıqda yol hərəkəti qaydalarını pozmamağı tövsiyə edirik”.