- Son vaxtlar müxtəlif dövlət strukturlarında qadınların vəzifələrə təyin olunması istiqamətində hakimiyyətin atdığı addımlara münasibətiniz?
- Dövlət strukturlarında qadınların vəzifələrə təyin olunması istiqamətində hakimiyyətin atdığı addımları biz də müşahidə edirik. Təyinatlardan görünür ki, burada əsas iradə hakimiyyətin ən yüksək pilləsidir və bu siyasət təkcə gender bərabərliyinin təmin olunmasına hesablanmayıb. Hakimiyyətin bu istiqamətdə atdığı addımların cəmiyyətə hansısa müsbət və ya mənfi təsiri olacağını indidən söyləmək çətindir. Amma, belə bir kadr siyasəti davamlı xarakter alarsa, hakimiyyətin bu yeni yanaşması daha çox maraq doğuracaq və müzakirə olunacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu siyasətin əsil mahiyyəti cəmiyyətə tam aydın olacaq. Ümumiyyətlə, qadınlara idarə etmənin bütün pillələrində etimad göstərilməsinin və yüksək vəzifələrə təyin olunmasının tərəfdarıyam.
- Dövlət orqanlarında yüksək vəzifədə qadınların olması nəyisə dəyişə bilərmi?
- Ölkəmizdə dövlət idarəçiliyində qadınların təmsilçiliyi mahiyyət deyil, istisnadır. Hətta, son vaxtlar dövlət strukturlarında qadınların vəzifələrə təyin olunması da bu istiqamətdə ciddi mahiyyət ortaya qoymağa yetərli deyil. İlk növbədə ölkəmizdə azad və ədalətli seçki, şəffaf və demokratik idarəetmə tətbiq edilməlidir. Əks halda, təklif olunan ən yaxşı metod belə işlək mexanizmə çevrilməyəcək. Yüksək səlahiyyətli qadınların idarəetmə orqanlarında çox olması, cəmiyyətə müsbət nəticə verə bilər. Qadın psixologiyasından irəli gələn elə məsələlər var ki, onlar cəmiyyətdə uzlaşmaya, dialoqa, şəffaflığa, inkişafa və cəmiyyət daxili sosial-siyasi münasibətlər sisteminə müsbət töhfə verə bilər. Qadın və demokratiya bir-birinə çox yaxın olmaqla yanaşı, həm də bir-birini tamamlayır. Son prezident seçkiləri zamanı Ümid Partiyasının platformasında qadınların sosial-ictimai statusunun artırılması istiqaməti çox geniş yer tutmuşdu. Dövlət orqanlarında qadınlara kvota müəyyən edilməsini təbliğat tezisimizə daxil etmişdik. Qadınlara Milli Məclisdə, bələdiyyələrdə və digər dövlət strukturlarında 25% təmsilçilik kvotası ayrılmasını vəd etmişdik. Doğrusu 51% seçicisi qadın olan bir ölkənin hüquq-mühafizə orqanlarında bir nəfər də olsun qadın generalın olmaması, vəkillərin ümumi sayının minimum 25% -nin qadın olmaması normal hal deyil. Dövlət və xidmət sektorunda bu istiqamətdə şəffaf siyasət həyata keçirilməlidir. Əks halda bu siyasət müsbət yox, mənfi nəticələrə gətirəcək. Təsadüfi deyil ki, son illər seçki saxtakarlığında, təhsilin aşağı pillələrinin idarə edilməsində mövcud olan neqativ hallarda qadınların da adları hallanır. Qadın xalqımızın yüksək dəyərlərindən biridir. Hakimiyyət onlardan neqativ məqsədlər üçün istifadə olunmağa imkan verməməlidir. Qadınlara öz potensialını ifadə etmək üçün dövlət imkan yaratmalıdır.
- Gender bərabərliyini təmin etmək üçün kadr potensialını nəzərə almadan süni şəkildə qadınların irəli çəkilməsi nə effekt verə bilər?
- Qadınlara idarəetmədə etimad göstərməklə cəmiyyətə yeni nəfəs vermək olar. Təcrübə göstərir ki, qadına idarəetmədə geniş səlahiyyət verməkdən qorxan cəmiyyətlərdə avtoritar, totalitar meyllər daha geniş müstəvi qazana bilib. Böyük öndər Mustafa Kamal Atatürk Türkiyə cümhuriyyətinin ilk dövrlərindən dövlət orqanlarında qadınlara təmsilçilik kvotası müəyyən etmişdir. Onun nəticəsidir ki, bu gün müsəlman dövlətləri arasında demokratik Türkiyənin yeri çox müsbət fərqlənir. Əslində, dövlət orqanlarında vətəndaşların işə qəbulu qaydaları qanunla tənzimlənsə də, heç kəsə sirr deyil ki, dövlət orqanında işə qəbul zamanı qanundan üstün olan vəzifəli şəxsin iradəsi mövcuddur. Nə qədər ki, bu hal davam edir, kadrların vəzifələrə təyin edilməsində şəffaflıq, sərbəst rəqabət yoxdur, bu zaman cəmiyyətdə gender bərabərliyinə necə əməl edilib edilməməsi də çox şeyi dəyişə bilməz. Əlbəttə ki, süni görüntü yaratmaq üçün aparılan siyasətdən nə cəmiyyət, nə də bu siyasətdə rol alan iştirakçılar qazana bilməz. Etiraf etmək lazımdır ki, cəmiyyətimizin bir çox sahələrində təcrübəli, savadlı, işgüzar və üzərinə məsuliyyət götürə bilən qadınlarımız var. Azərbaycan ailəsinin də əsas ağırlığı illər boyu və bu gün də qadınların, anaların çiyinlərində olub. Ailənin daxili tənzimləyicisi rolu qadınlarda olduğu halda cəmiyyət içi münasibətlərdə bu balans süni şəkildə pozulub.
- Qadın liderlərin yetişməsində partiyanın hansısa məqsədyönlü fəaliyyəti varmı?
- Partiyanın mərkəzi və yerli strukturlarında təmsil olunan fəal, nüfuzlu, intellektual qadınlarımız var. Amma, bu resursumuz cəmiyyətdə hiss ediləcək yüksək nəticələrə yetərli deyil. Bunun üçün bir müxalif partiyanın imkanları məhduddur. Regionlarda olmaq, tədbirlər və layihələr həyata keçirmək imkanlarımız bu istiqamətdə geniş fəaliyyətə imkan vermir. Hakimiyyətin alternativlərə qarşı radikal və əzici siyasəti müxalif düşərgədə qadınların sərbəst fəaliyyətinə ciddi maneələr yaradır.