Çexovun “İt gəzdirən qadın” hekayəsində arvadından xoşlanmayan, ona tez-tez xəyanət edən Qurov, qadınlardan söz düşəndə onları “alçaq irq” adlandırır. Buna baxmayaraq, “alçaq irq”siz bir gün də yaşaya bilmir. Kişi məclislərində darıxır, onlara qaynayıb qarışmır. Qadın məclislərində isə tam tərsinə, özünü sərbəst, azad hiss edir. Hətta qadınlarla susmaq da onun üçün asan və xoş olur…
“Səhərə qədər zarımışam. Nə oğlum səsimə oyandı, nə qızım. Bir qurtum su verən olmadı. Amma ərim sağ olsaydı, mütləq oyanardı. Şirin yuxusuna haram qatıb başucumda dayanardı. Mən sağalmamış yanımdan bir addım da aralanmazdı. Çünki o, məni dəli kimi sevirdi. Bu sevgi başqa sevgilərə bənzəməz…” Bu, sevdiyi insan dünyasını dəyişəndən sonra özünü yatağa şam kimi əridən bir bədbəxt qadının dedikləridir. Onunçün artıq həyat zülmətdir. Dünyasını aydınladan günəşi əri özü ilə məzara aparıb. Yeganə təskinlik tapdığı yer ərinin məzarıdır. Kimsə ovuda bilmir onu. İnsanlardan qaçır. Bütün gün sevdiyi insanın xatirələri ilə yaşayır. Ölmək istədiyini deyir… Qohum-əqrəba isə həyatı daha gözəl tərəflərdən görməyi, övladlarının sevgisi ilə yaşamağı tövsiyə edir.
Onlar bir-biri üçün yaranıb. Qadınsız kişinin həyatı nə qədər sönükdürsə, kişisiz qadının həyatı da bir o qədər zülmətdir, maraqsızdır. Hər kəs bir yozum verir, hər kəs öz qavradığı kimi aydınlıq gətirir sevgiyə. Məcnunun Leyliyə, Romeonun Cülyettaya və s. olan sevgisini illərdir bədii əsərdə oxuyub ilahiləşdirən insanlar sevgisi uğrunda intihar edən bir kənd uşağına “Romeo” deyib lağlağı edirlər. Başqa beyni qan gəncləri bu yoldan çəkindirmək üçün alternativ “tərbiyələndirmə” üsulunu seçə bilərdilər amma. Məsələn, izah edə bilərdilər ki, yaşamaq və sevdiyi adama qovuşmağı xoşbəxtlik hesab edirsə, bu xoşbəxtlik uğrunda mübarizə aparmaq lazımdır. Sevginin bu şəkildə lağ obyektinə çevrilməsinə ad vermək olmur. İnsan, bir də sevmək üçün yaranıb…
Mahatma Qandi belə deyib: “Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur.” Hərçənd bəzən bu qanunların yeri səhv düşür. İki heyvan sevgiylə bir-birini tumarladığı an bir insan öz həyat yoldaşını, sevgilisini döyür, qətlə yetirir… Nədənsə əksər cinayətkar öz əməlinə haqq qazandırmaq üçün bu vəhşiliyi “qısqanclıq zəminində” törətdiyini deyir. Maraqlıdır, sevgi olan yerdə hansı zorakılıqdan, xəyanətdən söhbət gedə bilər?
Adamı çox sevən birinin olması gözəl bir hissdir. Hətta başın ağrısa belə, sənə elə gəlir ki, dərman içirsən, halsız olursan, amma ağrını o çəkir. Sevgi xəyanətə, zorakılığa “yox” dedirtməyə qadir bir hissdir. Onu yaşatmaq lazımdır. Yaşamağımız həm də sevgidən asılıdır…
Son xəbərlər
Son Xəbərlər